
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Samsung E&A Co., Ltd.” şirkətinin prezidenti və baş icraçı direktoru Honq Namkunq ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes və investisiya mühiti haqqında məlumat verilib. Ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına və qlobal dəyər zəncirlərinə inteqrasiyası baxımından görülən işlər diqqətə çatdırılıb, əməkdaşlıq imkanları qeyd olunub.
Tərəflər enerji sahəsində tərəfdaşlığın genişləndirilməsi barədə müzakirə aparıblar.
Görüş çərçivəsində SOCAR və “Samsung E&A Co., Ltd.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd enerji aktivlərinin səmərəliliyinin artırılması, istehsalın lokallaşdırılması, regional sənaye və təchizat mərkəzinin yaradılması, insan kapitalının inkişafı və karbonsuzlaşma üzrə əməkdaşlıq perspektivlərinin araşdırılmasını nəzərdə tutur.
Sənədin icrası yerli şirkətlərin qlobal dəyər zəncirinə inteqrasiyası baxımından da əhəmiyyət daşıyır.
Dünyanın ən böyük transmilli konqlomeratlarından olan “Samsung Group”un törəmə şirkəti “Samsung E&A Co., Ltd.” qlobal mühəndislik, satınalma və tikinti (EPC) podratçısıdır. Şirkət texniki-iqtisadi əsaslandırma (FS), detallı mühəndislik, satınalma, tikinti, istismaravermə (commissioning) və layihə idarəetməsi daxil olmaqla inteqrə olunmuş xidmətlər təqdim edir. “Samsung E&A Co., Ltd.” hidrokarbonlar və enerji infrastrukturu üzrə neft və qaz emalı zavodları, neftayırma və neft-kimya kompleksləri, qaz emalı və yardımçı infrastruktur obyektlərini layihələndirir və həyata keçirir. Şirkət Yaxın Şərq, Asiya və digər strateji enerji bazarlarında iri miqyaslı layihələrdə təcrübəyə malikdir.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










