Dağlıq Qarabağ münaqişəsi təxminən 30 illik tarixə malikdir. Lakin problemin kökü hətta bir əsr əvvələ gedib çıxır. Münaqişə yaranan gündən ən çox Azərbaycanda müzakirə olunsa da, zaman-zaman beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində olub. Niyə zaman-zaman? Çünki beynəlxalq təşkilatlar özlərinin qəbul etdikləri qərar və qətnamələrin icrası istiqamətində ortaya heç bir iradə qoymayıb.
Eləcə də 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həllində kifayət qədər obyektiv mövqe nümayiş etdirməyərək Dağlıq Qarabağ probleminin uzunömürlülüyünə öz “töhfələrini” veriblər. Ermənistan ilə Azərbaycan arasında son illər baş vermiş bir neçə qarşıdurma bu münaqişəni beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə gətirib. Lakin 2020-ci ilin sentyabrından etibarən şanlı Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əməliyyatlar nəinki beynəlxalq ictimaiyyətin diqqətini çəkib hətta çox qısa müddətdə bir sıra tədqiqatçıların əsas mövzusuna çevrilib. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar artıq dünyanın aparıcı ölkələrinin ordu rəhbərlikləri səviyyəsində yeni növ müharibəyə nümunə kimi göstərilir və bu istiqamətdə tədqiqatların aparılması tövsiyə olunur.
Bu fikirlər milli təhlükəsizlik üzrə ekspert, Silahlı Qüvvələrin Hərbi Akademiyasının zabiti mayor Xəyal İsgəndərovun “Strategiyanın İlham Əliyev modeli: Diplomatik və hərbi məharətin mükəmməl sintezi” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Nəzərə almaq lazımdır ki, 2020-ci ilin sentyabrına qədər Dağlıq Qarabağ münaqişəsi keçmiş sovet ölkələrinin bir çoxunda mövcud olan çoxillik ərazi münaqişələrindən yalnız biri hesab edilirdi. Bəlkə də bir çoxlarımız bir neçə ay əvvəl mövcud situasiyanın belə bir vəziyyət alacağını heç təxmin etmirdik. Münaqişələrin həlli istiqamətində hər hansı irəliləyişin olması tarixi şəraitin yetişməsindən asılıdır.
Cənubi Qafqaz dünya xəritəsində çox kiçik yer tutmasına baxmayaraq, regionun əhəmiyyəti və ona olan maraq regionun coğrafi ölçüsündən qat-qat böyükdür. Bu baxımdan regionda sabitliyə ciddi təhdid təşkil edən Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında təkcə münaqişə tərəflərinin deyil, bir sıra xarici güclərin də konstruktiv mövqe nümayiş etdirməsi çox önəmlidir. Münaqişənin həlli Azərbaycan üçün ərazi bütövlüyünün bərpası deməkdirsə, Ermənistan üçün Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması və ya Ermənistana birləşdirilməsi kimi paradoksal iki yanaşmadan ibarətdir.
Ermənistan Respublikası Dağlıq Qarabağ münaqişəsindən qazandığını düşünərək, əslində, ən çox itirən ölkədir. Birincisi, Ermənistan işğalçılıq siyasəti yürütməklə Azərbaycan və Türkiyə kimi ölkələrin iqtisadi dəstəyindən məhrum olub. Praktiki olaraq, iqtisadi blokadada olan Ermənistanın taleyi tamamilə xarici havadarlarından asılıdır. İkincisi, Ermənistan ictimaiyyəti Dağlıq Qarabağın onlara aid olması nağılı ilə illərdir aldadılır. Bunun nəticəsində artıq Ermənistanda elə bir nəsil formalaşıb ki, onlar ümumiyyətlə, Azərbaycan ərazilərinin hamısının onlara aid olduğunu düşünürlər. Bu fakt da erməniləri 2020-ci ildə dəhşətli bir fəlakətin astanasına gətirib çıxarıb. Dağlıq Qarabağ münaqişəsinin həllinə ilk dəfə 1997-ci ildə Levon Ter-Petrosyanın hakimiyyəti dövründə ümid yaranmışdı. Lakin o, dərhal vəzifəsindən uzaqlaşdırılmışdı. Ter-Petrosyandan sonra hakimiyyətə gələn bütün erməni rəhbərləri münaqişəyə qeyri-konstruktiv yanaşması ilə seçiliblər. Robert Köçəryanın hakimiyyəti dövrü münaqişənin həlli istiqamətində heç bir irəliləyişin olmaması ilə yadda qalıb. Serj Sarkisyan prezident seçildikdən sonra münaqişənin Madrid prinsipləri çərçivəsində həllinə ümid yaransa da, tez bir zamanda bu ümid işığı da sönmüşdü. Ermənistan hakimiyyətinə ən səsli-küylü gələn rəhbər Nikol Paşinyan olub. Paşinyan öz sələfləri kimi, nəinki qeyri-konstruktiv siyasət yürütdü, hətta diletant davranışı ilə gündəmə gəlməyi bacardı və Azərbaycan xalqının hiddətinə səbəb oldu. O, Dağlıq Qarabağı gah Ermənistanın “tərkib hissəsi”, gah da danışıqlar prosesinin “müstəqil” subyekti kimi təqdim edərək siyasi naşılığını ortaya qoydu.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Respublikasının mövqeyi həmişə dəyişməz olub: “Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”. Qeyd edək ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox ciddi addımlar atıldı. Hətta Ermənistanın keçmiş prezidenti Ter-Petrosyanın reallıqları dərk etməsində ulu öndər Heydər Əliyevin danılmaz rolu var. Lakin görünən odur ki, Ter-Petrosyanın münaqişə ilə bağlı apardığı praqmatik dəyərləndirmə digər aktorların maraqlarına uyğun gəlmədi və danışıqlar prosesində uzunmüddətli durğunluq yarandı.
Prezident İlham Əliyevin hakimiyyəti dövründə münaqişənin həlli məqsədilə çoxsaylı danışıqlar aparılsa da, onların praktiki olaraq heç bir nəticəsi olmayıb. Əslində, erməniləri də cəsarətləndirən bu idi: haqsız olmalarına baxmayaraq, heç bir beynəlxalq təşkilat onlara təzyiq göstərməyib. Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığının artırılmasına, eləcə də maddi-texniki bazasının gücləndirilməsinə xüsusi diqqət göstərən Prezident İlham Əliyev, eyni zamanda, beynəlxalq arenada Azərbaycanın nüfuzunun artırılması istiqamətində çox ciddi strateji addımlar atıb. Bu addımların arxasında şübhəsiz ki, Azərbaycanın milli maraqları dayanırdı. Prezident İlham Əliyevin 2019-cu il fevralın 12-də müsahibəsində qeyd etdiyi kimi: “Bəzən bizim xarici siyasətimizi tarazlaşdırılmış siyasət kimi qələmə verirlər, ancaq mən hesab edirəm ki, bizim siyasətimiz milli maraqlar üzərində qurulub”.
Prezident İlham Əliyev qarşılıqlı milli maraqlar əsasında ABŞ, Avropa İttifaqı, GUAM və MDB ölkələri, Türkiyə, İran, İsrail və Pakistan ilə çoxvektorlu əməkdaşlığı özündə əks etdirən bir idarəetmə modeli formalaşdırıb. Ölkəmizin haqq işinə dəstək verən ölkələrin siyahısını nəzərdən keçirməklə, dövlətimizin başçısının uzaqgörənliyinin bir daha şahidi oluruq. Ermənistana külli miqdarda silah-sursat tədarük edən bir sıra ölkələrin siyasi bəyanatlarda bitərəflik nümayiş etdirməsi belə Azərbaycan diplomatiyasının uğurudur. Bu gün Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olsa da, bu təşkilata üzv dövlətlər Azərbaycana ondan daha çox güvənirlər. Müharibə başlayan gündən indiyə qədər Rusiya rəhbərliyinin nümayiş etdirdiyi yanaşma da bilavasitə Prezident İlham Əliyev diplomatiyasının nailiyyətidir.
Bədnam qonşularımızın ürəyindən olmasa da, Azərbaycan Qərbin enerji təhlükəsizliyində də mühüm rol oynayır. Belə ki, Qərb enerji marşrutlarının şaxələndirilməsi istiqamətində irəli sürdüyü layihələrdə Azərbaycanı etibarlı tərəfdaş kimi görür. Şübhəsiz ki, bu layihələrin reallaşmasında qardaş Türkiyənin iştirakı və birmənalı dəstəyi xüsusilə vurğulanmalıdır. Ən vacib məqam ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı əsasında inkişaf etdirilən Azərbaycan-Türkiyə münasibətləri müstəqilliyimiz tarixində bu qədər yaxın olmayıb. Burada da Prezident İlham Əliyevin misilsiz rolu xüsusi qeyd edilməlidir. Hazırda dünyada Azərbaycan və Türkiyə qədər bütün sahələrdə bir-birini dəstəkləyən ikinci bir nümunə yoxdur.
Prezident İlham Əliyev yürütdüyü praqmatik siyasətlə bütün rəhbərlərdən fərqlənir. Əgər 2020-ci il sentyabrın 27-də – müharibə başlayana qədər əsasən onun diplomatik manevrləri, arqumentlərini əsaslandırmağa imkan verən tarixi-siyasi biliyi daha çox müzakirə olunurdusa, müharibə başlayandan bəri dövlətimizin başçısı müxtəlif televiziya proqramlarına verdiyi müsahibələrdə, Mərkəzi Komanda Mərkəzində Müdafiə Nazirliyinin rəhbərliyi və ali rütbəli zabitlər qarşısındakı çıxışlarında, eləcə də Azərbaycan xalqına müraciətlərində dürüstlük, səmimiyyət, ədalət, qətiyyət, səriştə, faktlara hörmət və sayıqlıq kimi əsl Ali Baş Komandan keyfiyyətlərini nümayiş etdirdi. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu yeni nəsil müharibənin elementlərini özündə əks etdirməklə tarix yazır. Prezidentin özünün də dediyi kimi: “Biz yeni reallıq yaratmışıq. Hər kəs bu reallıqla hesablaşmalıdır”. Bununla da Prezident İlham Əliyev müasir dünya tarixinə diplomatik və hərbi məharətin mükəmməl sintez olunduğu bir strategiya təqdim etdi. Gələcək aylarda bu strategiyanın müxtəlif aspektlərinin regional və qlobal səviyyədə öyrənilməsi istiqamətində tədqiqatların aparılması xüsusi aktuallıq kəsb edəcək ki, bu da ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına bilavasitə töhfə verəcək.