Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsi qədim şəhərimizin mədəni mirasına həsr olunan müxtəlif təqdimatlarla davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa qrupuna aid “Bulud” xalçasına həsr olunub.
Qarabağ tipinə aid “Bulud” adı ilə məşhur olan xalçalar Şuşada XIX əsrin II yarısından etibarən Avropa və Rusiya incəsənətinin təsiri ilə meydana çıxıblar. Qeyd olunan dövrdə Azərbaycanın Ümumrusiya əmtəə tədavülünə qoşulması ilə əlaqədar Rusiyadan Azərbaycana müxtəlif çeşidli mallar – çit, hörmə, “xoruznişan” dəsmallar, bəzəkli çini qablar, zərgərlik məmulatları və s. gətirilirdi.
Bir çox sənətkarlar həmin məmulatların üzərindəki naxış və rəsmlərdən ilham alaraq onları xalça üzərinə keçirirdilər. “Saxsıda güllər”, “Bulud” xalçaları da bu qəbildən olaraq rus dekorativ sənətinin təsiri ilə yaranan xalça çeşniləridir.
Xalçanın “Bulud” adlanması isə üzərində yerləşdirilən naxış elementlərinin pərakəndəliyinin səmada bulud təəssüratı yaratması ilə əlaqədardır.