Nüfuzlu “The Korea Times” qəzetində “İşğal olunmuş bölgələrdən olan azərbaycanlılar erməni təcavüzünə cavab verirlər” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, materialda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü ilə bağlı bəyanatının mətni əks olunub.
Bəyanatda qeyd edilir ki, 1988-ci ildə azərbaycanlılara qarşı başlayan etnik təmizləmə siyasəti nəticəsində Ermənistan Azərbaycan ərazisinin beşdəbirini işğal edib. Bir gecədə 613 mülki şəxsin, o cümlədən qadınların, uşaqların və qocaların erməni hərbi birləşmələri tərəfindən vəhşicəsinə qətlə yetirildiyi Xocalı şəhərində törədilən soyqırımı azərbaycanlılara qarşı həyata keçirilən böyük qətliam kimi tarixə həkk olunub. Bildirilir ki, BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası da daxil olmaqla dünya birliyi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını tanıyıb.
Məqalədə dünya ictimaiyyətinin, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi, məcburi köçkünlərin öz yurdlarına qayıtmaq hüququnu tanıdığı qeyd olunub.
“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını təmin edə biləcək, eləcə də zor gücünə didərgin salınmış azərbaycanlı əhalinin bu ərazilərdəki evlərinə və mülklərinə təhlükəsiz şəraitdə və ləyaqətlə qayıtmaları, ərazilərin bərpası, iqtisadi inkişafı və Dağlıq Qarabağ bölgəsindəki erməni və azərbaycanlı icmalarının bərabərhüquqlu şəraitdə, ayrı-seçkiliyə yol verilmədən dinc şəraitdə birgəyaşayışına imkan yaradan, bir sözlə, münaqişənin sülh yolu ilə həllini dəstəkləyir”, – deyə bəyanatda bildirilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











