Zurab Tsereteli adlı məşhur heykəltəraş var. Çox məhsuldar adamdır. Və onun böyük və çox böyük ölçülü əsərləri okeanın bu tayında da, o tayında da müxtəlif şəhərləri bəzəyir.
Tseretelinin “Yeni insanın doğulması” monumenti 45 metr hündürlüyündədir. Sevilyada qoyulub. Heykəltəraşın işləri sırasında Birinci Pyotrun Moskvadakı 98 metrlik abidəsi də var.
Belə böyük abidələrə yer tapmaq çətin məsələdir. Məsələn, Tseretelinin daha bir böyük abidəsi – İsa Peyğəmbərin 73 metrlik abidəsi Sankt-Peterburqda qoyulmalı idi. Amma, alınmadı. Lap bu yaxınlarda şəhər rəhbərliyi bu boyda abidəyə yer tapa bilmədiyini etiraf edib…
Zurab müəllim belə xırda məsələlərə görə narahat olan adamlardan deyil. O durmadan işləyir. Fantaziyası aşıb-daşır. Amma mən özümü bu böyük heykəltəraşa ideya verməkdən saxlaya bilmirəm.
Bilirəm ki, güləcəksiniz. Mən hara, Tsereteliyə ideya vermək hara. Bu bir. İkincisi, axı bu qədər böyük işlərlə məşğul olan adamın Azərbaycan dilində olan bir sayta baxmağa imkanı, vaxtı, ən başlıcası isə həvəsi ola bilməz axı.
Bütün bunlara baxmayaraq ideyanı səsləndirirəm, daha doğrusu yazıram.
Ən azı 40 metrlik postament üzərində qoyulacaq heykəl “Özünüsenzura” adını daşımalıdır.
Postamentin bir-birinin üzərinə qalaqlanmış saysız-hesabsız vərəqlər formasında olmasını faydalı sayıram.
Heykəlin özünə gəldikdə isə… Dizləri üzərində noutbuk tutmuş, gözlərini məchul bir nöqtəyə zilləmiş orta yaşlı və hökmən eynəkli media mənsubunu təsəvvür etməyə çalışın. Onün üzündə çaşqınlık açıq-aşkar sezilməldiir. ( Düşünürəm ki, hörmətli Tsereteli bu missiyanın, yəni, jurnalist heykəlinin üzündə çaşqın ifadənin yaradılmasının öhdəsindən asanlıqla hələ bilər. )
Bu qədər. Təcrübə göstərir ki, özünüsenzura senzuradan qat-qat qorxulu olur. Və hansısa media mənsubunun beynini işğal etdikdən sonra öz mövqelərini əldən vermir.
Elə ona görə də özünüsenzuraya qoyulacaq heykəl çox böyük olmalıdır…
Bəlkə bu ideyanı rus dilində məktub halına salıb göndərdim batono Tseretelinin elektron ünvanına.
Fuad Babayev
Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist