2014-cü ilin 28 martında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Şamaxıya təşkil etdiyi press tur çərçivəsində təşkilatın prezidenti, millət vəkili Elxan Süleymanovun rayondakı qərargahında 1905.az portalının təqdimatı oldu…
Hansısa təsisatın fəaliyyətə başlamasının növbəti ildönümü haqqında yazmaq və bezdirici klişelərdən istifadə etməmək çox çətindir…
Bəlkə də mümkün deyil.
Ona görə də, 1905.az portalının 2 yaşı münasibətilə yazdığım bu kiçik yazıda indiyə qədər gördüyümüz işlərdən və planlarımızdan danışmaq fikrim yoxdur. Və uzaq olmayan gələcəkdə portalın növbəti ad günlərindən birini tutaq ki, Cıdır düzündə qeyd edəcəyimizə də əmin deyiləm.
Amma dəqiq bilirəm ki, dünən Ermənistan silahlı qüvvələrinin bölmələri Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq ərazimizə soxulmağa cəhd göstərib. Və düşmənlə baş verən döyüş toqquşmasında Silahlı Qüvvələrimizin zabiti leytenant Zülfüqarlı Qalib Laim oğlu və əsgər Hacıyev Qəfərəli İntiqam oğlu həlak olublar.
Allah rəhmət eləsin!
Onu da dəqiq bilirəm ki, düşmən elə təkcə sərhəddə təxribat törətmir. Gündüzünü gecəsinə qatıb internetdə bizim əleyhimizə çalışan saysız-hesabsız adamlar var. Özü də bu adamlar ağıllı adamlardır. Hər halda axmaq deyillər. Və dəqiq bilirlər ki, yalanı, özü də ağ yalanı insanların beyninə yeritmək mümkündür. Bunun üçün həmin yalanı təkrarlamaq lazımdır. Özü də yaradıcılıq nümayiş etdirərək, ancaq “copy” və “past” vasitəsilə yox.
Üstəlik, əminəm ki, bəzən fəaliyyətsizliyə haqq qazandırmaq üçün miqyası şişirdilən”informasiya blokada”sı ya yoxdur, ya da demək olar ki, yoxdur. AVCİYA-nın “Sərsəng SOS” layihəsinin əlaqələndiricisi Samir İsayev portalımıza verdiyi müsahibədə, sözügedən blokada haqqında sualımız cavablandıranda demişdi ki, hansısa bir informasiya agentliyi nəyi isə yazmaya bilər. Amma sən mövzunu yaxşı işləyib, yazmısansa, çap eləyən də tapılacaq, onu da bütün dünya oxuyacaq. Hətta sosial şəbəkələr vasitəsilə də yaymaq olar.
Çalışmalıyıq ki, dünya bizi oxusun.
Çalışmalıyıq ki, dünya bizi görsün.
Çalışmalıyıq.
İş çoxdur. Hamıya çatar.
Fuad Babayev
Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist