Vətən müharibəsində Raket və Artilleriya Qoşunları digər qoşun növləri ilə birlikdə düşmənin dərinlikdə yerləşən hədəflərini dəqiq atəş zərbələri ilə məhv edib. Müharibədə şücaət göstərmiş Raket və Artilleriya Qoşunlarının dörd minədək hərbi qulluqçusu “Vətən müharibəsi qəhrəmanı” fəxri adı, müxtəlif orden və medallar ilə təltif edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov fevralın 9-da jurnalistlərə müsahibəsində deyib.
Anar Eyvazov qeyd edib ki, Vətən müharibəsində Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının 184 hərbi qulluqçusu şəhid olub və bir neçə hərbçisi xəsarət alıb. Allahdan şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik.
Mətbuat katibi bildirib ki, Vətən müharibəsi başa çatdıqdan sonra da Müdafiə Nazirliyi tərəfindən təsdiqlənmiş döyüş hazırlığı planına uyğun olaraq hazırda daimi dislokasiya məntəqələrində və işğaldan azad edilmiş ərazilərdə yerləşdirilən bölmələrimiz döyüş hazırlığı ilə məşğul olur. Raket və Artilleriya Qoşunları da eyni qaydada döyüş hazırlığı ilə məşğul olur və yüksək texnoloji silahların imkanlarını və istifadə qaydalarını mənimsəyirlər. Şəxsi heyətə həmin silahlar praktiki şəkildə öyrədilir. Beləliklə, Raket və Artilleriya Qoşunlarının şəxsi heyətinin peşəkarlığı təmin edilir.