
Gənclər və İdman Nazirliyi tərəfindən Xankəndi şəhərində Azərbaycan Gənclərinin XI Forumu keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, forumun ikinci günündə gənclər və idman naziri Fərid Qayıbov, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, WUF13-ün Milli koordinatorunun müavini Gülşən Rzayeva və BMT-nin Məskunlaşma Proqramının ölkə üzrə rəhbəri Anna Soave açılış nitqi ilə çıxış ediblər.
S. Qəhrəmanov, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərində gənclərin fəal iştirakının vacibliyini vurğulayıb. O bildirib ki, Qarabağ Universitetində təhsil alan gənclər Xankəndinin inkişafında mühüm rol oynayırlar və şəhər gənclər üçün yeni imkanlar mərkəzinə çevrilir.
Daha sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov isə bu il Azərbaycan Gənclərinin Forumunun 30 illiyinin qeyd olunduğundan və forumun azad olunmuş Xankəndi şəhərində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığından danışıb. Nazir azad edilmiş şəhər və rayonlarda beynəlxalq tədbirlərin təşkil olunduğunu, Qarabağ bölgəsinin müasir şəhərsalma prinsipləri əsasında sürətlə yenidən qurulduğunu da xüsusi vurğulayıb. O, həmçinin qeyd edib ki, bu il Goranboy şəhəri “Gənclər paytaxtı” elan olunub və bu münasibətlə silsilə tədbirlər keçiriləcək.
Forum çərçivəsində “Gələcəyin şəhərlərinin qurulması: milli inkişafda gənclərin məsuliyyəti” və “Şəhərlər imkanlar sistemi kimi: gənclər üçün təhsil, bacarıqlar və məşğulluq” mövzularında panel sessiyalar təşkil olunub.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası 17–22 may tarixlərində Bakıda keçiriləcək. Foruma gedən yol çərçivəsində Azərbaycan hökuməti və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində gənclər də daxil olmaqla müxtəlif hədəf qruplarını əhatə edən tematik layihə və tədbirlərin təşkili davam etdirilir.
















Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub











