
“Gəncliyə Dəstək” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Zəfərə aparan vətənpərvərlik” layihəsinin təqdimatını keçirib. Layihənin təqdimatı Zərdab rayondakı Heydər Əliyev Mərkəzində 75 məktəblinin iştirakı ilə təşkil olunub.
Bu barədə AZƏRTAC-a İctimai Birlikdən məlumat verilib. Tədbirdə Vətən müharibəsi qazisi İlkin İbrahimov, iştirakçısı Rahil Həsənov, 1 saylı tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri Rüfət Cəfərov, Zərdab Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Bahar Qurbanova çıxış ediblər.
Təşkilatın sədri Vəfa Xəlilli və sədr müavini Eldar Xəlilov layihə haqqında məlumat verməklə yanaşı, “Zəfərə aparan vətənpərvərlik” adlı inşa yazı və rəsm müsabiqəsini elan ediblər.
Zərdab rayonunda reallaşdırılan layihə 3 ay davam edəcək. Layihənin məqsədi gənclər arasında vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsidir.