Iyulun 30-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, cəbhə xəttindəki hazırkı vəziyyətin müzakirə olunduğu görüşdə general-polkovnik Z.Həsənov vurğulayıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin nizamlanması ilə bağlı danışıqlarda irəliləyişin əldə edilməsinə başlıca maneədir.
T.Klaar Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tezliklə sülh yolu ilə həllinin vacibliyini qeyd edib. Qonaq Ermənistanın yeni Baş naziri Nikol Paşinyanın hazırda yürütdüyü siyasətin münaqişənin sülh yolu ilə həllinə yönəldiyinə ümidvar olduğunu bildirib. Diplomat, həmçinin Aİ-nin bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.
Müdafiə naziri diqqətə çatdırıb ki, Ermənistanın yeni rəhbərliyinin Azərbaycanın əleyhinə yönəlmiş hərbi ritorika xarakterli çıxışları, xüsusilə Baş nazir və müdafiə nazirinin övladlarını ölkəmizin işğal edilmiş ərazilərinə hərbi xidmətə göndərmələri bu hakimiyyətin də münaqişənin sülh yolu ilə həllində maraqlı olmamasına sübutdur.
General-polkovnik Z.Həsənov xüsusi qeyd edib ki, münaqişənin tezliklə həlli üçün Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə əməl edərək ordusunun bölmələrini torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarmalıdır.

















Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb











