Əlcəzairin “Əl Hərir” informasiya portalında Prezident İlham Əliyevin iyulun 22-də Azərbaycan Televiziyasına müsahibəsindən bəzi məqamlara yer ayırıb.
AZƏRTAC-a istinadla verilən xəbərdə qeyd olunur ki, Azərbaycan Prezidenti jurnalistin Avropa İttifaqının Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayırması, Azərbaycana isə heç bir vəsait ayırmamsı ilə bağlı sualına cavabında bu mövqenin ədalətsiz olduğunu bildirib. Çünki Azərbaycan həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından Cənubi Qafqazın ən böyük ölkəsidir.
Xəbərdə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsaitin verilmədiyini, bunun müharibə ilə əlaqədar olduğunu deyib. O əlavə edib ki, belə olan halda, müharibədən ən çox əziyyət çəkən ölkə kimi bu vəsait Azərbaycana verilməlidir.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycanın 10 min kvadratkilometr ərazisi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilib. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilib. Amma pulu verirlər Ermənistana. Ermənistanda bir dağıntı var? Yoxdur. Mina döşəmişik orada? Yox. Bu qədər işğaldan əziyyət çəkən ölkə olub? Yox. Əlbəttə bu, ədalətsizdir. Bu məsələ ilə də bağlı əlbəttə, fikir mübadiləsi oldu. Cavab elə oldu ki, Azərbaycana elə bil ki, vəsait lazım deyil. Birincisi, bizə heç kim təklif etməyib, bizə təklif edin, mən deyərəm, bizə lazımdır, yoxsa yox. Amma bizə heç kim təklif etmədiyi halda deyirlər ki, Azərbaycana vəsait lazım deyil. Bəs azad edilmiş torpaqları biz bərpa edəsi deyilik? Milyardlarla dollar vəsait lazımdır, o, göydən düşür? Azərbaycan şəffaf bir ölkədir. Maliyyə resursları da bəllidir. Bəli, biz özümüzü təmin edən ölkəyik. Amma əgər bizə də Ermənistan kimi qrant olaraq vəsait verilsə, biz heç vaxt imtina etmərik.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə