
Şəki Xan Sarayının yerləşdiyi ərazinin tarixinin indiyədək düşünüldüyündən xeyli qədim olduğu elmi cəhətdən təsdiqlənib.
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə əməkdaşlığı çərçivəsində 2023–2025-ci illərdə Şəki şəhərindəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində, Şəki Xan Sarayının ətrafında aparılan arxeoloji qazıntılar Azərbaycanın orta əsrlər tarixinin öyrənilməsi baxımından mühüm nəticələr verib.
Arxeoloji tədqiqatlara AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru arxeoloq Valeh Ələkbərov rəhbərlik edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, qazıntılar zamanı aşkar edilmiş müxtəlif arxeoloji laylardan götürülən kömür nümunələri dünyanın ən nüfuzlu elmi mərkəzlərindən biri olan Yaponiya Tokio Universiteti Muzeyinin Radiokarbon tarixləndirmə laboratoriyasında yüksəkdəqiqlikli AMS Radiokarbon (C14) analizinə cəlb olunub.
Analizlər nəticəsində Şəki Xan Sarayının yerləşdiyi ərazidə XIII əsrə aid yaşayış sübut edilib. Radiokarbon analizlərinin nəticələri göstərib ki, qazıntılar zamanı əldə edilən ən qədim nümunə 1255–1288-ci illərə, daha yüksək ehtimalla isə 1263–1288-ci illərə aiddir. Bu nəticə ilk dəfə olaraq Şəki Xan Sarayının yerləşdiyi ərazidə XIII əsrdə insan fəaliyyəti və yaşayışın mövcud olduğunu elmi şəkildə təsdiqləyir.
Analizlər, həmçinin göstərir ki, həmin ərazi sonrakı əsrlərdə tərk edilməyib. Tədqiqatın nəticələrinə əsasən, XIII əsrdə burada yaşayış və ya insan fəaliyyəti mövcud olub, XVI–XVII əsrlərdə ərazi yenidən və ya fasiləsiz şəkildə istifadə edilib, XVIII əsrdən XIX əsrin əvvəllərinədək burada intensiv insan fəaliyyəti davam edib. Beləliklə, radiokarbon tarixləndirməsi təxminən yeddi əsri əhatə edən ardıcıl yaşayış və istifadə tarixini ortaya qoyur.
Əldə olunan elmi nəticələr göstərir ki, Şəki Xan Sarayının inşa yeri təsadüfi seçilməyib. XVIII əsrdə tikilmiş mövcud Şəki Xan Sarayı boş və yeni seçilmiş ərazidə deyil, artıq yüzilliklər boyu əhəmiyyətini qoruyan qədim yaşayış və inzibati məkanda inşa edilib.
Bu fakt ehtimal etməyə əsas verir ki, sarayın yerləşdiyi sahə daha əvvəlki dövrlərdə bölgənin hakim təbəqələrinə və ya yerli siyasi elitaya məxsus iqamətgahların yerləşdiyi strateji mərkəz olub. Başqa sözlə, Şəki Xan Sarayı həmin məkanın siyasi və inzibati ənənəsinin davamı kimi meydana çıxıb.
Radiokarbon analizləri göstərir ki, saray kompleksi altında və ətrafında daha qədim mədəni qatların mövcudluğu yüksək ehtimalla davam edir. Bu isə hazırda qazılmamış sahələrdə daha qədim tikili qalıqlarının, yaşayış komplekslərinin və yeni arxeoloji materialların aşkar edilə biləcəyini göstərir.
Mütəxəssislər hesab edirlər ki, bu ərazidə arxeoloji tədqiqatların davam etdirilməsi Şəkinin orta əsr şəhərsalma tarixinin, siyasi mərkəz kimi formalaşmasının və regionun yaşayış dinamikasının daha dolğun şəkildə öyrənilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Beləliklə, araşdırma nəticələri Şəki Xan Sarayının yerləşdiyi ərazinin tarixinin indiyədək qəbul ediləndən daha qədim olduğunu göstərməklə yanaşı, bu məkanın XIII əsrdən başlayaraq XIX əsrə qədər müxtəlif mərhələlərdə davamlı insan fəaliyyəti ilə seçilən mühüm yaşayış və inzibati mərkəz olduğunu elmi şəkildə ortaya qoyur.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










