Avqustun 25-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan bir qrup əcnəbi jurnalistlə görüşüb.
QMKİDK-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sədr Meksikanın nüfuzlu “El Universal” gündəlik qəzetinin redaktoru Qabriel Moyssen, Kolumbiyanın “Impacto Mundo” telekanalının aparıcısı, “Las2Orillas”, “El Expediente” və “Ola Politica” agentliklərinin müxbiri Roberto Trobaxo, Peru Jurnalistlər Federasiyasının vitse-prezidenti Rikardo Sançes, həmin ölkənin “La Razon” qəzetinin və “Prensa21” xəbər portalının direktoru Karlos Linares Uarinqa ilə bir araya gəlib.
Qonaqlara qaçqın və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsas istiqamətləri, Dövlət Komitəsinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Ermənistanın deportasiya, milli ayrı-seçkilik və işğalçılıq siyasəti nəticəsində öz doğma yurdundan didərgin düşən insanlar böyük çətinliklərlə üzləşib, maddi itkilərə məruz qalıb, mənəvi-psixoloji sarsıntı keçiriblər. Azərbaycan dövləti qaçqınların və məcburi köçkünlərin problemlərini həll etmək üçün daim məqsədyönlü iş aparıb. Bu məsələ Prezident İlham Əliyevin sosial siyasətinin mühüm prioritetlərindəndir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərir, onların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən bir sıra layihələrin təşəbbüskarıdır. Vurğulanıb ki, torpaqların işğaldan azad edilməsi və orada yaşayışın bərpası məcburi köçkünlərin ən böyük arzusu olub. Hazırda onların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi üçün dövlət rəhbərliyi və səlahiyyətli orqanlar tərəfindən çoxşaxəli və intensiv iş aparılır.
Latın Amerikası ölkələrindən gəlmiş jurnalistlər səmimi söhbətə görə təşəkkürlərini bildirərək, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq tədbirləri və məcburi köçkünlərin qayıdışa hazırlanması məsələləri ilə maraqlanıblar. Onların suallarına ətraflı cavablar verilib. Əməkdaşlıq etdiyi media qurumlarında ölkəmiz, xüsusən işğaldan azad olunmuş ərazilərdəki dirçəliş prosesi barədə yazılarla çıxış edən kolumbiyalı jurnalist Roberto Trobaxo bir müddət bundan əvvəl də Azərbaycanda səfərdə olduğunu, Gəncəyə və Şuşaya getdiyini, işğalın və dinc əhaliyə qarşı hərbi cinayətlərin ağır nəticələrini öz gözləri ilə gördüyünü xatırladaraq, bütün bunlar barədə həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına çalışdığını vurğulayıb.
Qeyd edək ki, görüşdə iştirak edən jurnalistlər ölkəmizin Meksika Birləşmiş Ştatlarındakı səfirliyində akkreditə olunublar və öz ölkələrində Azərbaycanla bağlı mövzuların işıqlandırılmasında fəallıq göstərirlər.
Görüşdən sonra nümayəndə heyəti məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindəki yaşayış kompleksində vəziyyətlə tanış olub.