Dünən fevralın 9-u idi. 1905-ci il hadisələrindən düz 110 il keçdi…
Və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905. az portalının yarandığı gündən on aydan artıq vaxt ötüb.
Milli Azərbaycan Tarixi Muzeyində tədbirimiz oldu dünən. Milli Muzeyimizin dəstəyi ilə “1905.az” portalının Diskussiya Klubunda növbəti müzakirə baş tutdu. Akademik Nailə xanım Vəlixanlının aparıcılığı, həmin dövrü tədqiq edən dəyərli alimlərimizin iştirakı ilə.
Bu tədbir bizim portal üçün çox əhəmiyyətli idi. Ötən ilin 28 martında yola çıxmış portalı üçün belə mötəbər məkanda və say-seçmə auditoriya qarşısında növbəti təqdimat əsl uğurun göstəricisi sayıla bilər.
Bu tədbir həm də çox maraqlıydı. Ona görə ki, nə ilə nəticələnəcəyi 100 haldan 99-da əvvəlcədən bəlli olan orta statistik elmi toplantı deyildi bu dəyirmi masa və məclisdə əvvəldən axıra kimi dinamika itmədi.
Bu toplantının materiallarının tariximizlə maraqlanan bütün insanlarımız üçün maraqlı olacağı qənaətindəyəm.
Dəfələrlə, 1905-ci il hadisələri zamanı bizimkilərin onları daha çox qırmaları barədə eşitmişik. Bu barədə fikirləri elə ermənilik də yayır. Amma… Bu əslində belə deyil. Müsəlmanlar öz yaxınlarının cəsədlərini indiki dillə desək hüquq-mühafizə orqanlarına təhvil vermirlərmiş. Səbəbi də müvafiq ekspertizanın keçirilməsini (meyidin yarılması və s. ) əngəlləmək istəyindən qaynaqlanırmış. Bu da statistikaya təsir göstərməyə bilməzdi…
Həmişə inanmışıq (həm də inandırılmışıq) ki, arxalı köpək qurd basar. Yəni rus gücünə arxalanan ermənilik bizə bu yolla qalib gəlib. Üstəlik, “atan kazaklardır” deyimi də beyinlərimizə pərçimlənib. Əslindəsə, başqa məqamlar da var. Ən başlıcası isə erməni dövlətini quranların özül qismində “türklər bizim düşmənimizdir” iddiasını seçmələri olub…
Nə yaxşı ki, ömrünü həmin illərin qaranlıq səhifələrinin araşdırılmasına həsr etmiş tarixçilərimiz var.
Və təəssüf ki, hələ də bu mövzuların gündəmə gətirilməsi üçün səbəb axtaranlar az deyil.
Fuad Babayev
Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist