Noyabrın 17-də 1905.az portalının redaksiyasında rejissor Amil Məmiyevin “Qara bağ” filminə baxış olub. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2015-ci ildə çəkilib. Filmin ssenari müəllifi Amil Məmiyevdir, baş rollarda Vidadi Əliyev, Rasim Cəfərov, Ayşad Məmmədov, Elxan Abbasov və başqaları çəkilib. “Qara bağ” filmi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “VII Azərbaycan ailəsi – 2015” film festivalının ən yaxşı film nominasiyasında qalibi olub.
1905.az portalının direktoru Fuad Babayev filmin azərbaycanlılar üçün son dərəcə ağrılı bir problemə, Ermənistanın Azərbaycana təcavüzü və məcburi köçkünlər probleminə həsr olunmasını yüksək qiymətləndirdi və uğurlu ekran əsəri münasibətilə rejissoru və aktyorları təbrik etdi. Qeyd olundu ki, bu cür təşəbbüslər Azərbaycanın ən ağrılı probleminin dünya ictimaiyyətinə çatdırılması baxımından əvəzsizdir.
Filmdə baş rolların ifaçısı olan Azərbaycan Respublikasının əməkdar Vidadi Əliyev və Rasim Cəfərov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının əməkdaşı Reyhan İsayeva filmin bədii məziyyətləri barəsində danışdılar.
Filmin rejissoru və ssenari müəllifi Amil Məmiyev filmin əsas qayəsi, iş prosesi, filmin prokat həyatı haqqında məlumat verdi.
1905.az