Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabeti Təvəllüd Günü və 95 illik yubileyi münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanla Birləşmiş Krallıq arasında münasibətlərin müvəffəqiyyətlə inkişaf etməsində Kralica Elizabetin böyük rolunu vurğulayıb.
Təbrikdə deyilir: “Ülyahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz və 95 illik yubileyiniz münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.
Siz böyük bir tarixi dövrü özündə əks etdirən zəngin və dərin məzmunlu ömür yolu keçmiş, bütün həyat və fəaliyyətinizi doğma ölkənizin rifahına həsr etmiş, xalqınıza şərəflə və ləyaqətlə xidmət etmişsiniz. XX əsrin ikinci yarısından bu günədək Birləşmiş Krallığa başçılıq edərək daim öz prinsiplərinizə sadiqliyiniz, əzmkar və yorulmaz fəaliyyətiniz, Vətəninizə olan hədsiz bağlılığınız və məhəbbətiniz bütün dünyada Sizə böyük nüfuz və rəğbət qazandırmışdır.
Bu gün Azərbaycan ilə Birləşmiş Krallıq arasında münasibətlər müvəffəqiyyətlə inkişaf edir, dostluq əlaqələrimiz gündən-günə genişlənir. Dövlətlərarası münasibətlərimizin formalaşmasında, hərtərəfli inkişafında və bugünkü səviyyəyə yüksəlməsində Sizin böyük rolunuz vardır.
İnanıram ki, dərin kökləri olan və möhkəm təməllər üzərində qurulmuş bu əlaqələr, bir sıra mühüm sahələrdə əməkdaşlığımız bundan sonra da ardıcıl olaraq inkişaf edəcək və genişlənəcəkdir”.
Prezident İlham Əliyev Ülyahəzrət II Elizabetə möhkəm cansağlığı, xoşbəxtlik, dost Birləşmiş Krallığın rifahı naminə fəaliyyətində uğurlar diləyib.
















Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib











