
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də ABŞ Prezidentinin xüsusi nümayəndəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində yaranmış hazırkı vəziyyət barədə fikir mübadiləsi aparıldı.
Yüzlərlə hərbi texnika, silah-sursat və hərbi təchizat mallarının müsadirə olunduğunu vurğulayan Azərbaycan Prezidenti bildirdi ki, ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi nümayəndələri və BMT-nin Rezident Əlaqələndirici Ofisinin nümayəndəsi də toplanmış silah və hərbi texnikaya baxıblar.
Hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah edildiyini deyən Prezident İlham Əliyev onların Azərbaycan ərazisindən çıxarılması prosesinin həyata keçirildiyini bildirdi.
Azərbaycan Prezidenti qeyd etdi ki, antiterror tədbirləri zamanı mülki əhaliyə ziyan dəyməyib, hədəf ancaq qanunsuz erməni silahlı birləşmələri və hərbi obyektlər olub.
Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarına toxunan Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, onların da hüquqları ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcək.
Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanın nümayəndələri ilə Qarabağın erməni sakinlərinin təmsilçiləri arasında reinteqrasiya istiqamətində dialoq aparılır.
Ərazidə infrastrukturun bərpası ilə bağlı işlərin aparıldığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın erməni sakinlərə humanitar yardımlar göndərdiyini bildirdi, yardımların göstərilməsi ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə də əməkdaşlığın həyata keçirildiyini dedi.
Dövlətimizin başçısı qeyd etdi ki, rəsmi Bakı ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə hazırdır.
Söhbət zamanı bölgədə sabitliyin təmin edilməsi və yerli ermənilərlə dialoqun vacibliyi vurğulandı.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











