Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı, Avropa Evi – “Ambrosetti”nin (TEHA) strateji tərəfdaşlığı, həmçinin “Euronews” və “Sea Breeze”in media və təşkilati dəstəyi ilə keçiriləcək forumda dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorlar iştirak edir.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov forum iştirakçılarına Prezident İlham Əliyevin müraciətini oxuyub.
Qeyd edək ki, forum Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanlarını araşdırmaq, qlobal ticarətin və dayanıqlı təchizat zəncirlərinin gələcəyini formalaşdırmaq üçün unikal bir platforma təqdim edir. Burada iştirakçılar yeni qlobal rəqabətlilik paradiqmalarına dair dəyərli biliklər əldə etməklə yanaşı, yüksəksəviyyəli əlaqələr qurmaq, strateji sazişlər bağlamaq və yeni tərəfdaşlıqlar formalaşdırmaq imkanları qazanacaqlar.
Tədbirin çərçivəsində plenar iclaslar, institusional və panel sessiyalar, tematik müzakirələr, ölkəmizin investisiya imkanları və potensialına dair sərgi keçiriləcək.
İki gün davam edəcək forumda enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf, səhiyyə və daşınmaz əmlak sahələrində regional əməkdaşlıq və investisiya perspektivləri müzakirə olunacaq.
Forumun ilk günündə regionların strateji inteqrasiyası, tranzit imkanları, enerji və infrastruktur layihələri, innovasiyalar, yaşıl enerji, daşınmaz əmlak, şəhərsalma və dayanıqlı inkişaf mövzularında plenar iclas və dörd panel sessiyası baş tutacaq. Tədbirin ikinci günü isə dövlət-özəl tərəfdaşlığı, maliyyə, səhiyyə, biotexnologiya, əczaçılıq və rəqəmsal sağlamlıq, kənd təsərrüfatı, aqrobiznes, ərzaq sənayesi, sənayeləşmə, kiçik və orta sahibkarlıq, yaşıl keçid, eləcə də sahibkarlığın inklüzivliyi mövzularına həsr olunan panel sessiyaları keçiriləcək.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










