
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə “Dinlər Sülh Uğrunda” təşkilatının 2026-cı il Ümumdünya Şurasının illik toplantısında iştirak etmək üçün Mavriki Respublikasında səfərdədir.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 2025-ci ildə “Dinlər Sülh uğrunda” təşkilatının Ümumdünya Şurasının həmprezidenti seçilən şeyxülislam Allahşükür Paşazadə builki toplantıda məhz bu statusda iştirak edir.
İyunun 24-də Mavriki Respublikasının Prezidenti Daramber Qoxul şeyxülislam Allahşükür Paşazadəni qəbul edib. Görüşdə ölkələrimiz arasında əlaqələrdən danışılıb. Bu yaxınlarda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Mavriki Prezidentinin Azərbaycana səfərini xatırladan şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidentinin salamlarını Mavriki Prezidentinə çatdırıb. Mavriki Prezidenti bildirib ki, Azərbaycan olduqca gözəl, cazibədar, qonaqpərvər ölkədir və olduqca səmimi, müdrik prezidenti var. Mavriki dövlətnin başçısı səmimi salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə yetirməyi şeyxülislamdan xahiş edib.
Ölkəmizə səfərindən zəngin və xoş təəssüratlarını şeyxülislamla bölüşən Mavriki Prezidenti Daramber Qoxul Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin qazandığı uğurları, beynəlxalq müstəvidə artan nüfuzunu, qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsini yüksək dəyərləndirərək, ölkəmizlə iqtisadiyyat, təhsil, enerji, o cümlədən bərpaolunan enerji, turizm və digər sahələrdə əməkdaşlığa dair perspektivləri dövlətimizin başçısı ilə müzakirə etdiyini məmnunluqla diqqətə çatdırıb.
Mavriki Prezidenti D.Qoxul Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafı, müxtəlif aspektləri ilə bağlı müzakirələr aparmaq baxımından yaxşı imkan yaratdığını vurğulayaraq, siyasi münasibətlərimizin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. Bildirib ki, 1996-cı ildə Azərbaycan Respublikası ilə Mavriki Respublikası arasında diplomatik əlaqələr qurulduğu dövrdən etibarən iki ölkə arasında münasibətlər hazırda ən yüksək səviyyəsindədir.
Görüşdə ölkələrimizdəki dinlərarası harmoniya mühiti barədə xoş fikirlər səsləndirilib. Mavriki Respublikasının Prezidenti Daramber Qoxul Azərbaycanda səfərdə olarkən Bibiheybət məscid-kompleksini ziyarət etməsindən xoş təəssüratlarını xüsusi vurğulayıb. Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Mavriki arasında dini-mənəvi əlaqələrin inkişaf istiqamətlərinə toxunaraq, ölkəmizin dinlərarası dialoq və əməkdaşlıq, həmçinin məzhəblərarası anlaşma sahəsində örnək sayılan modellərinin dünyada təqdir olunmasını xüsusi vurğulayıb. Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlarda əməkdaşlığının, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin perspektivləri müzakirə edilib.
Mavriki Respublikasının Prezidenti Daramber Qoxul şeyxülislam Allahşükür Paşazadəni İslam dünyasında nüfuzlu ağsaqqal din xadimi olaraq yüksək dəyərləndirdiyini xüsusi vurğulayıb. O, şeyxülislam Allahşükür Paşazadənin “Dinlər Sülh uğrunda” təşkilatının Ümumdünya Şurasının həmprezidenti olaraq qurumun Mavrikidə keçirilən illik toplantısında iştirakını və tədbirin əhəmiyyətini yüksək dəyərləndirdiyini ifadə edib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










