
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da “John Deere” şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidenti, “John Deere Walldorf International” MMC-nin Baş icraçı direktoru Ksaba Leykonu qəbul edib.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı Azərbaycanda kənd təsərrüfatının geniş potensialının olduğu vurğulanaraq, bu sahənin inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlər qeyd olundu.
“John Deere” şirkətinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini deyən qonaq əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirdi, Azərbaycanda pambıqçılıq sənayesi ilə bağlı irəli sürdükləri layihə barədə məlumat verdi.
Ksaba Leykon Bakıda şahidi olduğu inkişafın onda dərin təəssürat hissi yaratdığını dedi.
Görüşdə Azərbaycanla şirkət arasında əməkdaşlığın perspektivləri müzakirə olundu, təhsil və təlim mərkəzinin yaradılması, qarşılıqlı təcrübə, suvarma, logistika, pambıq və taxıl istehsalı dəyər zəncirinin rəqəmsallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, 1837-ci ildə ABŞ-da qurulmuş “John Deere” kənd təsərrüfatı, tikinti və meşəçilik avadanlıqlarının istehsalı ilə məşğul olan qlobal miqyasda aparıcı şirkətlərdən biridir. Şirkətin əsas fəaliyyət sahələrinə traktor, kombayn, pambıqyığan maşınların istehsalı daxildir. Ötən il ümumi gəliri 52 milyard ABŞ dollarına yaxın olan “John Deere”in 30-dan çox ölkədə zavodları və ofisləri fəaliyyət göstərir.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










