
Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (ƏTİT) Astanadakı mənzil-qərargahında Azərbaycan Respublikasının dövlət bayrağının qaldırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim Azərbaycanın ƏTİT-ə tamhüquqlu üzv dövlət kimi qoşulması münasibətilə təşkil olunub. Bu hadisə ƏTİT-in mənzil-qərargahında təşkilatın tarixində ilk bayraqqaldırma mərasimi olmaqla, həm də yeni institusional ənənənin əsasını qoyub.
Xatırladaq ki, Azərbaycan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatına rəsmi olaraq 2026-cı il mayın 6-da qoşulub.
Mərasimdə ƏTİT-in baş direktoru, səfir Berik Arın və Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov iştirak ediblər.
Tədbirdə çıxış edən ƏTİT-in baş direktoru B.Arın Azərbaycanın təşkilata qoşulmasını İslam Əməkdaşlıq Təşkilatı (İƏT) məkanında ərzaq təhlükəsizliyi, dayanıqlı kənd təsərrüfatı və kənd yerlərinin inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsində mühüm addım adlandırıb. O qeyd edib ki, Azərbaycan ƏTİT-in yeni mərasim ənənəsi çərçivəsində qarşılanan ilk ölkədir. Bu hadisə təşkilatın institusional tarixində xüsusi yer tutaraq, üzv dövlətlər arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsində yeni səhifə açır.
Səfir A.Atamoğlanov öz növbəsində Azərbaycanın ƏTİT çərçivəsində əlaqələrin gücləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb. Diplomatın sözlərinə görə, ölkəmiz hələ təşkilata tamhüquqlu üzv olmazdan əvvəl də onun təşəbbüs, tədbir və proqramlarında fəal iştirak edib.
A.Atamoğlanov əminliyini bildirib ki, Azərbaycanın üzvlüyü kənd təsərrüfatı, davamlı inkişaf və ərzaq təhlükəsizliyi sahələrində üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə dəyərli töhfə verəcək. Səfir həmçinin Qazaxıstan tərəfini yeni Konstitusiyanın qüvvəyə minməsi münasibətilə təbrik edərək qardaş xalqa firavanlıq və rifah arzulayıb.
Qeyd edək ki, ƏTİT İƏT-in ixtisaslaşmış təsisatıdır. 2016-cı ildə təsis edilən və mənzil-qərargahı Astanada yerləşən təşkilatın məqsədi kənd təsərrüfatının inkişafı, ərzaq ehtiyatlarının idarə olunması, həmçinin üzv ölkələr arasında istehsal və ticarət əməkdaşlığını təşviq etməklə İƏT regionunda dayanıqlı, inklüziv və davamlı ərzaq sistemləri formalaşdırmaqdır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
















Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib











