
Xocavənd rayonunda taxıl biçini mütəşəkkil qaydada davam edir. İşğaldan azad edilmiş torpaqların yenidən kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması nəticəsində rayonda əkin sahələri əhəmiyyətli dərəcədə genişlənib. Fermerlər məhsulun vaxtında və itkisiz yığılması üçün sahələrdə intensiv iş aparırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni qəbul olunan 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramında taxılçılıqda məhsuldarlığın artırılması, müasir aqrotexnologiyaların tətbiqinin genişləndirilməsi və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi Xocavənd rayonunda da əsas hədəflər kimi müəyyən edilib.
Xocavənd Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Sulhəddin Ələsov bildirib ki, hazırda biçin kampaniyası davam edir: “Xocavənd rayonu ərazisində ümumilikdə 15 min 775 hektar taxıl sahəsi var. Bunun 1200 hektarı suvarılan, qalan hissəsi isə dəmyə əkinlərdir. Taxıl sahələrinin 5 min 949 hektarında arpa, qalan hissəsində isə buğda becərilib. Arpa biçini artıq başa çatıb və hər hektardan orta hesabla 22 sentner məhsul əldə olunub. Bu, ötən illə müqayisədə 5 sentner çoxdur. Hazırda buğda biçini davam edir, sahələrə 39 kombayn cəlb olunub. Buğda sahələrində də orta məhsuldarlıq 22 sentner təşkil edir. Əsas məqsədimiz Dövlət Proqramında qarşıya qoyulan məhsuldarlıq hədəflərinə nail olmaqdır. Əkin sahələrinin 8 min 773 hektarı işğaldan azad edilmiş ərazilərin payına düşür. Bunun 1375 hektarı arpa, 7397 hektarı isə buğda sahələridir”.
Rayonda taxıl istehsalçıları məhsulun optimal müddətdə yığılmasının məhsuldarlığın qorunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirirlər.
Fermer İlyas Mamedov bildirir ki, bol məhsul var: “Ötən ilin payızında 3 min 730 hektar sahədə taxıl səpini aparmışıq. Bunun 278 hektarı arpa, qalan hissəsi isə buğdadır. Hazırda biçin davam edir. Arpa sahələrində biçini başa çatdırmışıq, bir neçə gündür buğda yığımına başlamışıq. Artıq 2 min hektara yaxın sahədə biçin yekunlaşıb. Məhsul boldur və çalışırıq ki, bütün sahələrdə yığımı vaxtında başa çatdıraq”.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin əkin dövriyyəsinə qaytarılması Xocavənddə taxılçılığın inkişafına yeni imkanlar yaradıb. Yeni Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə rayonda məhsuldarlığın yüksəldilməsi, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi və taxıl istehsalının daha da artırılması qarşıya qoyulan əsas hədəflərdəndir.
Müxbir-Aydın Yavərzadə
















Xocavənddə taxıl sahələri 8773 hektar artıb
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb
Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib











