
Böyük Qayıdışın ilk ünvanı olan Zəngilanın Ağalı kəndində salınmış intensiv meyvə bağlarında hazırda nektarin yığımı davam edir. Münbit torpaqlar, Həkəri çayının suyu və müasir aqrotexnologiyaların tətbiqi sayəsində yetişdirilən məhsulların əsas hissəsi xarici bazarlara ixrac olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumi sahəsi 100 hektar olan intensiv meyvə bağı 2022-ci ildə salınıb. Bağda, ümumilikdə, 66 min meyvə ağacı var. Burada müasir damlama suvarma sistemi qurulub – Həkəri çayından götürülən su xüsusi anbara toplanaraq sistem vasitəsilə bağa ötürülür.
Bağın aqronomu Fuad İbrahimli bildirib ki, müasir suvarma sistemi suya qənaət etməklə yanaşı, məhsuldarlığın artmasına da müsbət təsir göstərir. Onun sözlərinə görə, ötən il bağda ilk məhsul mövsümü baş tutub. Bu mövsüm isə artıq 40 hektarlıq ərik sahəsində yığım yekunlaşıb, bol məhsul toplanaraq ixrac edilib. Hazırda isə 60 hektarlıq sahədə nektarin yığımı davam edir və artıq 150 tondan çox məhsul tədarük olunub.
Mütəxəssislər qeyd edirlər ki, azad edilmiş ərazilərdə bu cür innovativ yanaşmaların genişləndirilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Xüsusilə kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində regionda müasir damcı-suvarma sistemlərinin tətbiqinin sürətləndirilməsi mühüm prioritetlərdən biri kimi qarşıya qoyulub. Bu strateji proqram su resurslarından qənaətlə və səmərəli istifadəni təmin etməklə yanaşı, torpaqların şorlaşmasının qarşısını alır və birbaşa bitkinin kökünə yönələn qidalanma sayəsində məhsuldarlığı bir neçə dəfə artırır. Ağalıdakı intensiv bağ da məhz bu dövlət siyasətinin regiondakı ilkin və uğurlu bəhrələrindən biridir. Bağın salınması bölgədə məşğulluğun artmasına da böyük töhfə verib. Hazırda təsərrüfatda 20 nəfər daimi, mövsüm ərzində isə 100-dən çox işçi çalışır. İşçilərin əksəriyyəti Ağalı kəndinin sakinləridir.

Bağda çalışan Pərvanə Rzaquliyeva deyir ki, uzun illərdən sonra doğma torpaqlarına qayıdaraq burada çalışmaq onun üçün böyük qürurdur:
“Zəngilan torpaqları hər zaman münbitliyi ilə seçilib və bu gün həmin torpaqların yenidən dirçəlməsində pay sahibi olmaq xüsusi sevinc hissi yaradır. Doğma yurda qayıtdıqdan sonra bu intensiv bağda çalışmaq, illərlə davam edən həsrətdən sonra azad olunmuş torpaqlarda yaşayıb-yaratmaq bizim üçün ən böyük xoşbəxtlikdir”.
Təsərrüfatda Ağalı sakinləri ilə yanaşı, ətraf rayonlardan gələn vətəndaşlar da çalışır ki, onlardan biri də qazi Məhərrəm Məhərrəmovdur. O qeyd edir ki, Zəngilanın münbit torpaqları və əlverişli təbii şəraiti sayəsində bağ artıq bol məhsul verir: “Bu torpaqlar uğrunda həm döyüşmək, həm də indi burada çalışmaq qürurvericidir. İllərlə həsrətində olduğumuz yerlərin hər qarışı bizlər üçün əzizdir. Dövlətimizin sayəsində qısa zamanda yaşayış yerlərimiz yenidən qurulub, buralar bağ-baxçalı yerlərə çevrilib. Bir gün bura işə gəlməyəndə darıxıram. Buranın gözəl havası, zəngin təbiəti insanı valeh edir”.
Bir vaxtlar işğalın izlərini daşıyan Ağalı torpaqları bu gün ən müasir kənd təsərrüfatı texnologiyalarının tətbiq edildiyi nümunəvi bir məkana çevrilib. 2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramının icrası fonunda, damcı-suvarma sistemləri ilə yetişdirilən və Ağalıdan xarici bazarlara göndərilən hər bir məhsul Şərqi Zəngəzurun iqtisadi dirçəlişinin, ekoloji resursların qorunmasının və Böyük Qayıdışın növbəti uğurunun bariz göstəricisidir.
Müxbir – Aydın Yavərzadə
















Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər











