Avropada “Neftçi”dən sonra uğur qazanacağımıza inamımız çox az idi. Üstəlik də “Qarabağ”la.
Amma Qurban Qurbanova, onun işinə inam klubun Avropa liqasının qrup mərhələsinə kimi gedib çıxmağına səbəb oldu. Atalarımız demiş, səbr öz bəhrəsini verir. Komandada klubun büdcəsinə uyğun, zərgər dəqiqliyi ilə seçilən futbolçulardan ibarət heyət qurulub.
Təbii ki, bizə heç kim qrupumuzdakı rəqiblərin asan olacağını vəd etməmişdi. Amma elə ilk oyunlardan etibarən Ağdam klubu rəqiblərin ad-sanından çəkinməyərək layiqli mübarizə aparır.
Hazırda qrupdan çıxma şansları azalan “Qarabağ” üçün bu oyunlar çox böyük təcrübədir. Əslində heç kim klubun Avropa liqasının növbəti mərhələsinə yüksəlməsini gözləmir. Gözəl oyun, rəqibə qarşı layiqli mübarizə əsas gözləntimizdir.
“Qarabağ” klubuna isə ancaq ağdamlılar, qarabağlılar azarkeşlik etmir. Ölkəmizin hər kəndi, hər qəsəbəsi, hər rayonu, hər şəhərindən komandaya dəstək olanlar var, desəm, yəqin ki, yanılmaram.
Bu, yalnız futbol azarkeşliyi deyil. Həm də torpaq həsrətindən qovrulmaqdır. Düşmən tapdağı altında olan dilbər guşəmizin adını daşıyan futbol komandasını kim sevməz ki?!
Elə stadionda azarkeşlərin səsləndirdikləri “Qarabağ bizimdir! Bizim olacaq!” bunun sübutudur.
“Qarabağ”ın rəqibi olan komandaların üzvləri yerli stadionlarımızda bu qədər azarkeş dəstəyini görüb təəccüblərini gizlətmirlər. Hətta komandalardan birinin baş məşqçisi onlara qalibiyyət qazanmağa azarkeşlərin çoxluğunun, möhtəşəmliyinin mane olmasını da etiraf etmişdi.
Avropa liqası qrup mərhələsinin son iki oyunu qalıb. Komanda bu həftə elə bir ölkədə oynayacaq ki, uduzsa belə, adı bəs edər: “Qarabağ”. İllərdir, dostu, tanışı, ümumiyyətlə, ətrafının Qarabağ haqda yalan informasiyalarla beyni doldurulan bir çox fransız bu həftə 20 ildir doğma stadion həsrəti ilə yaşayan klubumuzdan xəbər tutacaq.
“Qarabağ” adlı klubumuzun xaricdə təmsil olunması yalnız futbol, idman müstəvisində uğur sayılmır. Biz Qarabağ həqiqətlərini “Qarabağ”la daha tez, daha aydın, daha yaxşı çatdıra bilərik. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “İdman sahəsində hər birinizin fəaliyyəti, gördüyünüz işlər və əldə etdiyiniz nailiyyətlər Azərbaycan idmanının adını, şanını-şöhrətini yüksəldir”.
Odur ki, Avropaya “QaraBağ”la! İrəli!
Səmra Əliyeva