
Fevralın 6-da Azərbaycan Respublikası ilə Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ukrayna xarici işlər naziri Dmitro Kuleba arasında məktub mübadiləsi baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov 30 il ərzində qarşılıqlı maraqlar üzərində inkişaf edən və strateji səviyyəyə yüksələn münasibətlərimizin siyasi, iqtisadi-ticarət, mədəni humanitar sahələrdə möhkəmləndiyini, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu qeyd edib.
Azərbaycan və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipinə sadiq qalaraq, bir-birlərinin ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb.
Nazir Ceyhun Bayramov bildirib ki, ölkələrimiz arasındakı münasibətlərin bugünkü səviyyəsi xalqlarımızın və dövlət başçılarımızın iradəsinə söykənir. Bu xüsusda, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində – bu il yanvarın 14-də Ukraynaya səfərinin ikitərəfli əlaqələrə verilən önəmin göstəricisi kimi vurğulanıb.
Nazir iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan hərtərəfli strateji tərəfdaşlığın xalqlarımızın mənafeyinə uyğun olaraq yüksələn xətt üzrə daha da inkişaf edəcəyinə inamını ifadə edib.
Məktubunda dövlətlərimizin diplomatik münasibətlərimizin tarixini hələ bir əsr bundan öncə yazmağa başladığını, ötən müddət ərzində həm Ukraynada, həm də Azərbaycanda bir çox dəyişikliklər olduğunu qeyd edən nazir Kuleba yalnız dostluq, hörmət, xüsusilə də hər iki dövlətin suverenliyi və ərazi bütövlüyünə olan qarşılıqlı hörmətin dəyişməz qaldığını vurğulayıb.
Azərbaycanın Ukrayna üçün etibarlı strateji tərəfdaşı olaraq qaldığını qeyd edən nazir, Ukrayna-Azərbaycan əməkdaşlığının, o cümlədən Xarici İşlər nazirlikləri səviyyəsində mövcud əməkdaşlığın bundan sonra da etimad və qarşılıqlı anlayış əsasları ilə səmərəli şəkildə inkişaf edəcəyinə, birgə səylərin beynəlxalq arenada iddialı məqsədlərimizin gerçəkləşməsinə təsir göstərəcəyinə əminliyini bildirib.
Nazirlər bir-birini təbrik edərək, iki dost xalqa sülh, əmin-amanlıq və rifah arzulayıblar.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










