
Bu sahədə ölkəmizin beynəlxalq yardım təşəbbüsü UNESCO-nun qlobal forumunda elan edilib
Koreyanın Busan şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 48-ci sessiyası çərçivəsində Azərbaycanın İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinə (SIDS) dəstək məqsədi daşıyan yeni beynəlxalq proqramı təqdim olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, Ümumdünya İrs Mərkəzinin təşkilatçılığı ilə keçirilən “SIDS ölkələrinin Ümumdünya İrsi Strategiyası” mövzusunda yüksəksəviyyəli tədbirdə Azərbaycanın “Kiçik Ada Dövlətləri (SIDS) üçün Ümumdünya İrsi Yolunda Bacarıqların Artırılmasına Azərbaycan Respublikasının Beynəlxalq Texniki Yardım Təşəbbüsü” elan edilib.
Yeni təşəbbüs SIDS ölkələrinin institusional imkanlarının və peşəkar bacarıqlarının artırılmasına, kiçik ada dövlətlərinin nadir irs nümunələrinin UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilməsi sahələrində ekspert və texniki dəstəyin göstərilməsinə yönəlib.
Proqramın hazırlanması “Mədəniyyət və Təhsil üzrə Sertifikasiya İnstitutu” tərəfindən həyata keçirilir.
Tədbirdə çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev bildirib ki, proqram UNESCO-nun bu istiqamətdə həyata keçirdiyi fəaliyyətə əlavə töhfə vermək məqsədi daşıyır. Təşəbbüs SIDS ölkələrinin konkret ehtiyacları nəzərə alınmaqla, xüsusilə iqlim dəyişikliyinin Ümumdünya İrsinin qorunması üçün yaratdığı çağırışlara cavab vermək məqsədilə praktiki potensialın gücləndirilməsinə yönəlmiş dəstək mexanizmlərini təmin edir. Vurğulanıb ki, proqram bu sahədə beynəlxalq təcrübəyə malik “Mədəniyyət və Təhsil üzrə Sertifikasiya İnstitutu” tərəfindən cəlb olunacaq peşəkar ekspertlərin iştirakı ilə icra ediləcək.
Ümumdünya İrs Mərkəzinin direktoru Lazare Eloundou çıxışında proqramın əhəmiyyətini vurğulayaraq, Azərbaycanın SIDS ölkələrinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.
Tədbirdə, həmçinin bildirilib ki, Azərbaycanın irəli sürdüyü təşəbbüs beynəlxalq həmrəyliyin gücləndirilməsi, ümumdünya mədəni və təbii irsinin qorunması sahəsində təcrübə mübadiləsinin təşviqi, SIDS və digər həssas ölkələrin potensialının artırılması istiqamətində mühüm addımdır.
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











