Noyabrın 15-də Əqli Mülkiyyət Agentliyində “Azərbaycan və Avrasiya Patent Təşkilatı arasında əməkdaşlığın prioritet istiqamətləri” mövzusunda dəyirmi masa keçirilir.
AZƏRTAC xəbər verir ki, dəyirmi masa Avrasiya Patent Təşkilatının (APT) icraçı orqanı olan Avrasiya Patent İdarəsinin (APİ) prezidenti Qriqoriy İvliyevin ölkəmizə rəsmi səfəri çərçivəsində təşkil edilib. Səfər çərçivəsində nümayəndə heyəti noyabrın 15-də Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
Səfərin əsas məqsədi əqli mülkiyyət sahəsində Azərbaycan ilə APT arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi, ölkəmizdə qeyd edilən sahə üzrə görülən işlərlə yerində tanışlıq, xüsusən Azərbaycan Respublikası Prezidentinin uğurla həyata keçirdiyi institusional islahatlar çərçivəsində yaradılan Əqli Mülkiyyət Agentliyinin iş təcrübəsinin öyrənilməsidir.
Tədbiri açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov dəyirmi masada müzakirə olunacaq məsələlərin əməkdaşlığın təkmilləşdirilməsinə və dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib. O, Q.İvliyevin Avrasiya Patent İdarəsinin prezidenti kimi fəaliyyətinin, irəli sürdüyü təşəbbüslərin müstəsna rol oynadığını vurğulayaraq onun təşkilatın fəaliyyəti və inkişafı problemlərinin həllinə yanaşmasının təşkilatın yüksək məqsədlərinə doğru uğurlu irəliləyişin açarı olduğunu söyləyib.
K.İmanov Azərbaycanın fəal iqtisadi və institusional islahatlar ölkəsi olduğunu qeyd edərək Prezident İlham Əliyevin siyasəti sayəsində həyata keçirilən tədbirlərin gələcəyə hesablandığını, Vətən müharibəsində Böyük Qələbədən sonra bütün torpaqların işğaldan azad edildiyini, bu torpaqlarda möhtəşəm quruculuq prosesinin – Böyük Qayıdışın başlandığını bildirib. O, Agentliyin vəzifəsinin dövlət başçısı tərəfindən formalaşdırılan ən mühüm məqsədləri təmin etmək, ölkə rəhbərinin yaratdığı müstəqil əqli mülkiyyət idarəsinin aparılan islahatların real aktoruna çevirmək olduğunu vurğulayıb.