
Bakıda, Şəhidlər Xiyabanında Albert Aqarunova ölümündən sonra “Həzi Aslanov” ordeninin təqdim edilməsi mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, ailəsi, ictimaiyyət nümayəndələri, döyüş yoldaşları Şəhidlər Xiyabanında Milli Qəhrəman Albert Aqarunovun məzarını ziyarət ediblər.
“Dədə Qorqud” Fondunun rəhbəri Eldar İsmayılov Milli Qəhrəmanın qardaşı Rant Agarunova “Həzi Aslanov” ordenini təqdim edib. Bu ordenlə A.Aqarunov ölümündən sonra təltif edilib. E.İsmayılov qeyd edib ki, bu, “Dədə Qorqud” Fondunun ikinci ordenidir.
Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Avropa yəhudiləri sinaqoqunun ravvini Şneor Seqal, Dağ Yəhudiləri STMEGİ Xeyriyyə Fondunun rəhbəri Semyon İxiilov və başqaları əsrlər boyu yəhudilərin digər xalqlarla əmin-amanlıq şəraitində yaşadığı Vətəni Azərbaycan üçün canından keçən Albert Aqarunovun qəhrəmanlığı haqqında danışıblar.
Qeyd olunub ki, Qarabağ müharibəsinin başlaması ilə A.Aqarunov könüllü olaraq cəbhəyə yollanıb, çünki düşünüb ki, “doğulduğu torpaq uğrunda vuruşur”. Hərbi əməliyyatlar zamanı, o, Azərbaycan mənbələrinə görə, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində düşmənin xeyli canlı qüvvə və zirehli texnikasını məhv edib. Tank komandiri təyin edilən A.Aqarunov Şuşaya göndərilib.
1992-ci il mayın 8-də Şuşa uğrunda döyüşlərdə tankçı Albert Aqarunov qəhrəmancasına həlak olub. O, igidliyinə görə Azərbaycanın ən yüksək hərbi mükafatına layiq görülüb.
A.Aqarunovun ölümündən sonra Azərbaycan tankçıları öz döyüş maşınlarını “Albert” adlandırdılar.
Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canını fəda edən yəhudi gəncinin xatirəsi ölkədə daim ehtiramla yad edilir.
Aqarunov Albert Aqarunoviç ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb. O, Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib.
Albert Aqarunovun məzunu olduğu Bakıdakı 154 saylı orta məktəb hazırda onun adını daşıyır. Məktəbdə Qəhrəmanın guşəsi açılıb, orada həmişə tər çiçəklər olur və bütün mühüm tədbirlər Milli Qəhrəmanın büstü önündə keçirilir.
Mərasimdə Albert Aqarunovun xidmət etdiyi tank batalyonunun döyüşçüləri iştirak edib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











