Bakıda Beynəlxalq Avtomobil Federasiyası (FIA) həftəsi davam edir.
AZƏRTAC xəbər verir ki, dekabrın 5-də səhər saatlarından FIA prezidenti Mohammed Ben Sulayemin iştirakı ilə FIA Baş Assambleyası çərçivəsində iclaslar başlayıb.
Qeyd edək ki, FIA həftəsində iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları Bakıda bir araya gəliblər.
İllik və ya növbədənkənar çağırılan Baş Assambleya FIA-nın ali qərarverici orqanıdır və Beynəlxalq Avtomobil Federasiyasının üzv təşkilatlarını təmsil edən avtoidman federasiyalarından (klublardan), mobillik sahəsində fəaliyyət göstərən klublardan ibarətdir. Hər il fərqli ölkələrdə keçirilən bu tədbirin məqsədi avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə etməkdir.
Ümumilikdə Federasiyanın Bakı tədbirlərində 128 ölkədən gələn nümayəndələr, klub təmsilçiləri, həmçinin onlayn şəkildə tədbirə qoşulan nümayəndələr qatılırlar.
FIA Baş Assambleyalarının daxili iclasları dekabrın 8-dək davam edəcək. Dekabrın 8-də isə Heydər Əliyev Mərkəzində FIA Baş Assambleyasının yekun iclası olacaq.