Azərbaycan dilində “ Ermənistan” sözü ilk dəfə 1921-ci ildə Sovet Rusiyasının İrəvan quberniyası ərazisində yaratdığı dövlətin ( və ölkənin ) adı qismində işlənib. Ondan əvvəl “Ermənistan ” adı məlum deyil (B.Budaqov, Q.Qeybullayev. Ermənistanda türk mənşəli toponimlərin izahlı lüğəti. Bakı,1998,s.19). “Erməni” etnonimi ermənilərin özlərini adlandırdığı “hay” etnonimi ilə üst-üstə düşmür. Haylar Ərməniyyədə-indiki Ermənistan ərazisində heç vaxt etnik çoxluq təşkil etməmişlər. Ermənilərin “Ermənistan” adlandırdıqları “Hayastan” adı XX əsrin 20-ci illərində yaranmışdır. Tarixdə qeyd edilir ki, ermənilərin əcdadları e.ə. XII-IIV əsrlər arasında Balkan yarımadasından gələrək, Kiçik Asiyanın şərqindəki Hayasa və Arm əyalətlərində məskunlaşdılar. Urartu hökmdarı e.ə. IX əsrdə Şərqi Anadoluda Van gölü ərazisində yaranmış bu iki əyaləti də işğal etmişdir. XV əsrin 2-ci yarısından etibarən Eçmiədzin kilsəsi həmin mülkləri müxtəlif vasitələrlə azərbaycanlılardan almağa nail oldu.
1747-ci ildə Nadir şahın ölümündən sonra, xanlıqların yarandığı dövrdə İrəvan mahalını Hüseynəli xan idarə edirdi.1410-cu ildən 1828-ci ilədək İrəvan xanlığını idarə edən 49 Azərbaycan türkünün adı Hovanıs Şahxatunanın tərtib etdiyi siyahıda öz əksini tapmışdır (Azərbaycan tarixi. Bakı, 1994).
Fransız missioneri İzruit Monye İrəvanda olanda əhalini siyahıya alarkən qeyd etmişdir ki, XVII əsrin ikinci yarısında İrəvanda yaşayan 4 min nəfər əhalinin cəmi min nəfəri ermənidir.
1827-ci ildə rus qoşunları İrəvan qalasını alanda burada əhalinin 74 faizini azərbaycanlılar təşkil edirdi. Qalan 26 faizi isə “ boşa” adlanan xristian qaraçılardan,assorilərdən, yezidi kürdlərdən və digər millətlərdən ibarət idi (Deportasiyaya aid materiallar, s. 50).
1829-cu il Ədirnə müqaviləsindən sonra keşiş Baqratuninin başçılığı ilə Ərzurumdan, Qarsdan 90 min erməni İrəvana, Qafqazın başqa ərazilərinə gətirildi.1828-ci ilin yazında isə Qriboyedovun rəhbərliyi ilə 50 min erməni Təbrizdən, Xoydan və başqa ərazilərdən koçürülüb Qarabağda, Göyçə mahalında yerləşdirildi. Buna qarşı etiraz səsini ucaldan azərbaycanlılar cəzalandırıldı.
1826-1828-ci illərdə İrəvan xanlığı ərazisində 420-yə yaxın Azərbaycan kəndi dağıldı, kəndlərin bir çoxunun adı xəritədən silindi.
1905-1920-ci illərdə indiki Ermənistan ərazisində 1000-ə yaxın Azərbaycan kəndi viran edilmiş, əhalisi soyqırımına məruz qalmışdır.
1918-ci ilin martına qədər İrəvan quberniyasında 198 kənd, 1919-cu ilin son iki ayı ərzində Üçkilsə (Eçmiədzin) və Sürməli qəzalarında 34 kənd, İrəvan qəzasında Zəngibasardan başqa bütün azərbaycanlı kəndləri talan olunmuş, dağıdılmış və yandırılmışdır.
Ermənilər 1918-1920-ci illərdə ADR-in tərkibində olan Zəngəzur, Göyçə,Dərələyəz, Qaraqoyunlu mahallarını, eləcə də bir sıra başqa əraziləri zorla öz torpaqlarına qatmaqla, 29,8 min kvadratmetr kilometrlik qondarma “Ermənistan dövləti”ni yaratmağa nail oldular. 1920-ci ildə bu torpaqlara yiyələnən ermənilər 1921-ci ildə Dağlıq Qarabağı da Ermənistana birləşdirmək istədilər. Onların bu mənhus niyyətinin həyata keçməsinə Nəriman Nərimanov mane oldu.
Təkcə 1935-ci ildən 1988-ci ilin avqustuna qədər Ermənistan Ali Sovetinin müxtəlif fərmanları ilə bu ərazidə azərbaycanlılara məxsus 994 yaşayış məntəqəsindən 517-nin adı dəyişdirilmişdir. Ali Sovetin fərmanı əsasında addəyişmə əməliyyatı 1935, 1938-39, 1940, 1946, 1950, 1957, 1962, 1969, 1976, 1 977-78, 1980-ci illərdə düşünülmüş şəkildə həyata keçirilmişdir.
Beləliklə, son 200 ildə indiki Ermənistan ərazisindən 2 mindən artıq Azərbaycan coğrafi adlarını müxtəlif yollarla – rəsmi köçürmə, silah gücü ilə yerlərindən çıxarmaqla, soyqırımı törətməklə, kəndləri yandırıb əhalini məhv etməklə siyahıdan – xəritədən silməyə nail oldular.
Azərbaycan SSR XKS-nin 20 yanvar 1940-ci il tarixli 57 saylı qərarına əsasən, təkcə 1940-cı ilin 3 ayı ərzində Azərbaycana yalnız RSFSR-dən 3370 nəfər “fəhlə qüvvəsi” adı altında köçürülərək Bakıda iş və mənzillə təmin olunmuşdur. SSRİ XKS nəzdində İqtisadiyyat Şurasının sədri A.Mikoyanın xüsusi canfəşanlığı və tapşırığı ilə 3370 nəfərdən 3220-si respublika əhəmiyyətli təsərrüfat idarələrində “əsasən rəhbər vəzifələrə” təyin edilmişdir. A.Mikoyanın bilavasitə göstərişi əsasında Bakıda yaradılmış köçürülmə şöbəsinə başçılıq edən N.Mirzoyan fürsəti əldən verməyərək, “əzabkeş”, “başı min bir bəlalar çəkmiş” ermənilərin də Bakida iş və mənzillə təmin olunmasına şərait yaratmışdır. Təkcə 1940-cı ilin ikinci rübündə 1440 erməni Azərbaycana köçürüldü. Həmin illərdə Azərbaycanın şəhər, qəsəbə, rayon və kəndlərindən Bakıda qeydiyyata düşmək dövlət səviyyəsində qadağan olunmuşdu. A.Mikoyanın məktubuna əsasən, 1941-ci ildə Stalinqraddan, Rostovdan, Rusiyanın digər bölgələrindən 211 nəfər erməni Azərbaycana köçürülmüşdür. 1941-ci ilin sonlarında SSRİ XKS nəzdində köçürmə idarəsinin rəisinə göndərilən məktubda Rusiyanın ayrı-ayrı bölgələrindən 354 ailə Əli Bayramlı, Xaçmaz rayonlarında yerləşdirilmişdir. 1942-ci ildə Dağıstandan 900 ailə Azərbaycana köçürülmüşdür. Köçürülənlər əsasən erməni, rus və dağıstanlılardan ibarət idi. Xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi fürsətini əldən verməyən ermənilər ilk dəfə 1943-cü ildə 3 böyük dövlətin (SSRİ, ABŞ, İngiltərə) iştirak etdiyi Tehran konfransı zamanı (28 noyabr – 1 dekabr) yeni şans qazandılar.
Konfrans ərəfəsində hiyləgər erməni diasporunun rəhbərləri ölkənin xarici işlər naziri V.M.Molotovla əlaqə yaratmış, xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi üçün Sovet dövləti başçısının razılıq verməsini xahiş etmişlər. Molotov da Stalinin razılığını almışdır. Məkrli ermənilərə də elə bu lazım idi. 1945-ci ildə dünya ermənilərinin patriarx-kotolikosunun müavini Georq (Çeorskiyan) ərizə ilə Stalinə müraciət edərək dünya ermənilərinin müqəddəs dini mərkəzi olan Eçmiədzin kilsəsinin fəaliyyətinə icazə verilməsi üçün razılıq istəmişdir. Aprelin 19-da Stalin öz xətti ilə “razıyam” yazandan sonra SSRİ XKS 1945-ci il noyabrın 21-də xüsusi qərarında xaricdən ermənilərin gəlməsinə razılığını bildirmişdir.
1946-cı ilin yanvarında 130 min erməni Ermənistana köçmək üçün Moskvaya müraciət etmişdir.
Artıq 1946-cı ildə Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan və Ruminiyadan 50,9 min nəfər , 1947-ci ildə Fələstin, Fransa, ABŞ, Yunanıstan, Misir və Livandan 35,4 min erməni Ermənistan torpaqlarında yerləşdirilmişdir.
Bununla kifayətlənməyən ermənilər və Ermənistan KP MK-nin o vaxtkı birinci katibi Q.Arutyunov yaranmış fürsətdən yararlanaraq 100 min azərbaycanlı əhalinin Azərbaycana köçürülməsinə Stalinin razılıq verməsini xahiş etmişdir. A.Mikoyanın canfəşanlığının nəticəsində erməni lobbisi azəri-türklərin yaşadıqları dədə-baba yurdlarından Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi üçün zəmin hazırlanmasına nail olmuşdur. 1945-ci il oktyabrın 20-də SSRİ XKS-nin bu barədə 2264 saylı qərarı qəbul edilmişdir.
Bu azmış kimi, Q.Arutyunov 1945-ci ilin 28 noyabrında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi təklifini ÜİK /b/PMK-nın sərəncamına vermişdir. Stalin həmin məktubu Malenkova, o isə öz növbəsində həmin məktubu cavab üçün Azərbaycan rəhbərliyinə göndərmişdir ki, Ermənistan K/b/PMK-nın təklifinə öz münasibətini bildirsin.
Azərbaycan hökuməti 1945-ci il dekabrın 10-da 330 saylı sənədlə göndərilən cavabında erməni hökumətinin irəli sürdüyü bütün iddiaların əsassız olduğunu göstərmişdir. Azərbaycan KP MK-nın birinci katibi Mircəfər M.Bağırov qeyd etmişdi ki, Dağlıq Qarabağın ərazisi Qarabağ xanlığının ərazisində olmuşdur və xanlığın mərkəzi də Pənahabad – Şuşa idi. Bu qala Qarabağ xanı Pənah xan tərəfindən tikilmişdir.1826-ci ildə bu xanlıq çar Rusiyasına birləşdirildikdən sonra indiki DQMV-nin ərazisi Yelizavetpol quberniyasının Şuşa,Cavanşir, Qaryagin (indiki Füzuli) və Qubadlı qəzalarının tərkibində idi. 1918-1920-ci illərdə bütün Qarabağ ərazisində, mərkəz Şuşa olmaqla, Qarabağ general-qubernatorluğu təşkil edildi. Daşnak bandaları Şuşa və digər şəhərləri dağıdıb oda qərq etdilər. 1923-cü ildə Qarabağın dağlıq hissəsinin – ermənilərin çox olduğu yerin Ermənistana birləşdirilməsi məsələsi ortaya atıldı. Bu ərazinin Ermənistanla ümumi əlaqəsi olmadığına və bura Qubadlı, Laçın, Kəlbəcər, Dəstəfur rayonları ilə ayrı olduğuna,burada əhali azərbaycanlılardan ibarət olduğuna görə Azərbaycan MİK-in 1923-cü il 7 iyul tarixli dekreti ilə mərkəz Xankəndi olmaqla DQMV yaradıldı. Dağlıq Qarabağ ərazi cəhətdən Ermənistanla heç vaxt yaxın olmayıb.
M.Bağırov ÜİK/b/PMK-nın nəzərinə bunları da çatdırdı ki, Dağlıq Qarabağın Ermənistana daxil edilməsi məsələsinə baxarkən, eləcə də əhalinin əksəriyyəti azərbaycanlılardan ibarət olan və Ermənistan tabeliyində olan və bizim sərhədlərə yaxın olan Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycanın tərkibinə qatılması məsələsinə də baxılsın: “Gürcüstan hökuməti də Azərbaycanın Balakən, Zaqatala və Qax rayonlarının onlara verilməsi məsələsini qaldırmışdır. Bu bölgədə 79 min əhalidən 9 mini gürcü-ingiloylardır. Biz buna baxılmasına da etiraz etmirik. O halda ki, Gürcüstanın tərkibində olan Borçalı mahalının Azərbaycana birləşdirilməsinə də baxsınlar. Xahiş edirik ki, keçmişdə Azərbaycanın tərkib hissəsi olmuş Bakı quberniyasına daxil olan Dərbənd və Qasımkənd ərazilərinin Azərbaycanın tərkibinə qatılması məsələsinə də baxasınız. Onlar maldarlıqla məşğul olur və ilin 9 ayını bizim ərazidə olurlar”. M.Bağırovun bu əsaslı cavabı çoxlarını susdurdu. İrəli sürülən bu şərtlər, Ermənistan bir yana qalsın, heç Kremli də təmin etmirdi.
Artıq ermənilər yaşayış məntəqələrinin siyahısını hazırlamışdılar. Azərbaycanlıları əsasən İrəvan şəhəri və ona yaxın olan rayonlara – Əştərək, Zəngibaşar, Eçmiədzin,Oktemberyan,Qəmərli,Qarabağlar, Vedi, Axta(Razdan), Əzizbəyov və s. rayonlara daxil etmişdilər. SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli 4083 saylı qərarı xalqımıza qarşı ən ağır zərbə,əsl repressiya idi. Ermənistandan 100 min əhalinin köçürülməsi ilə bağlı tədbirlər planı – ən mühüm məsələ yalnız iki ay 18 gündən sonra – 10 mart 1948-ci il tarixdə SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR ərazisində kolxozçuların və digər azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” 754 saylı qərarında öz əksini tapmaqla şərh edilmişdir. Bu qərara əsasən, 1948-1953-cü illərdə “Könüllülük” adı altında azərbaycanlıların indi Ermənistan adlanan qədim oğuz yurdlarından zorla köçürülməsinə başlanıldı. Erməni millətçiləri üçün kolxozların iriləşdirilməsi, perspektivsiz kəndlərin ləğv olunması kampaniyasının başlanması nəzərdə tutulan işi həyata keçirmək rolu oynadı. Qərarda göstərilirdi ki, 100 min kolxozçu əhali Kür-Araz ovalığına köçürülsün. Onlardan on min nəfəri 1948-ci ildə, 40 mini 1949-cu ildə, 50 min nəfəri isə 1950-ci ildə köçürülmüşdür. Azərbaycan hökumətinin 1948-ci il 13 may tarixli qərarına görə, Ermənistan, Yerevan şəhərlərinin Stalin və Spandaryan rayonlarından, həmçinin Basarkeçər, Vedi, Artaşat, Neomberyan, Oktemberyan, Zəngibasar və digər bölgələrdən 2757 təsərrüfatın (12177 nəfərin) Azərbaycan Respublikasına köçürülməsi planlaşdırılımışdır. Əhalinin 6215 nəfərini Kür-Araz ovalığında, 5962 nəfərini isə Azərbaycanın digər bölgələrində yerləşdirmək nəzərdə tutulmuşdu. Köçürülənlər Bakı şəhərinin Əzizbəyov, Voroşilov rayonlarında, eləcə də Gədəbəy, Xanlar, Quba, Bərdə, Ağstafa, Ucar, Ağcabədi, Salyan rayonlarının kəndlərində yerləşdirilməli idilər.
Öz ata-baba yurdları olan Ermənistandan ilk köçürülənlər Azərbaycanın Kür-Araz ovalığına 1948-ci ilin iyun ayının əvvəllərində gəlirlər. İlk köçürülən 44 azərbaycanlı ailəsi indiki Beyləqan rayonundakı sovxozlarda yerləşdirilmişlər. Onlar sovxoz rəhbərliyi tərəfindən miçətkənlə, həmçinin əkin sahəsi və əkin üçün toxumla da təmin olunmuşlar. 1948-ci ilin yazınadək, deportasiyanın ilk qurbanlarından 320 ailə Salyan, 140 ailə Saatlı, 545 ailə Sabirabad, 260 ailə Əlibayramlı, 150 ailə Puşkin, 75 ailə Ağcabədi, 100 ailə Xıllı rayonlarının quru çöllərində, susuz səhralarda, ilan mələyən düzənliklərdə yaşamağa məcbur edildi. Bu, 6400 nəfəri birləşdirən 1590 ailə idi.
Həmin ilin yay aylarında deportasiya olunanların ikinci dəstəsi indiki Ermənistandan – doğulub boya-başa çatdıqları doğma torpaqlarından köçürüldülər. Bunlardan 2747 ailə – 12177 nəfər Azərbaycana pənah gətirdi.
1949-cu ilin noyabrın 25-də Ermənistan ərazisinin bir neçə rayonundan 600 ailə – 2500 nəfər Azərbaycana deportasiya edildi.
Beləliklə,1949-cu ildə Ermənistandan azərbaycanlı əhali kütləvi şəkildə Kür-Araz ovalığındakı Zərdab, Əlibayramlı, Kürdəmir, Mingəçevir, Salyan, Yevlax və digər rayonlara köçürüldülər.
O dövrdə Ermənistanın dağlıq rayonlarından köçürülən azərbaycanlılar doğma yurdlarının təbii şəraitinə uyğun olan Dağlıq Qarabağ ərazisində yerləşdirilsəydi, faciəli ölüm halları olmaz, həm də bugünkü faciələrimizin kökü elə o zaman kəsilərdi. Lakin bu, belə olmadı. Təəssüf ki, ermənilər Azərbaycanda bütün sahələrdə işlə təmin olunmuşdular. Onlar zaman-zaman fürsət düşdükcə azərbaycanlılara qarşı millətçi və terrorçu siyasətlərini davam etdirmişlər.
Ermənilərin “Türksüz Ermənistan ” siyasətinin bir mərhələsi olan 1948-1953-cü illərdə 180 min azərbaycanlı zorla öz tarixi-etnik torpaqlarından deportasiya edildi. Azərbaycan xalqı 1948-1949-cu illərdə və eləcə də sonrakı dövrlərdə ermənilər tərəfindən deportasiyaya məruz qaldı və bu iş 1988-ci ildə yenidən bir daha həyata keçirildi.
Bu, xalqımıza qarşı edilən yeni bir ədalətsizliyin nəticəsi idi. Düşünülmüş şəkildə ermənilərin törətdikləri etnik təmizləmə ardıcıl surətdə tarix boyu davam etmişdir. Təəssüflər olsun ki, biz tarixin müxtəlif mərhələlərində belə hadisələri dərindən dərk etməmiş və xalqımıza edilən haqsızlıqlara qarşı öz səsimizi vaxtında və qədərincə qaldırmamışıq. Məhz bunların nəticəsində də 1988-ci ildə erməni daşnak ünsürləri öz rəhbərlərinin tapşırıqlarını yerinə yetirərək xalqımıza qarşı təcavüz etdilər. Soydaşlarımız öz yurdlarından qısa bir vaxtda zorla çıxarıldılar.
Ermənistan adlanan ərazinin çox hissəsi azərbaycanlıların əsrlərlə yaşadıqları doğma diyar olmuşdur. Bu ərazidə yaşayan azərbaycanlıların tədricən çıxarılmasına və 1988-ci ildə Ermənistanın Azərbaycana hərbi təcavüzünün başlanmasına gətirib çıxardı.1988-ci il hadisələrində Zəngibasar rayonunun azərbaycanlı kəndlərindən olan 29 nəfər həlak oldu və xeyli insan ömürlük şikəst olaraq xəstəyə çevrildi. Erməni vəhşilərinin azərbaycanlılara qarşı törətdikləri bu soyqırımı siyasəti heç bir yerdə deyilmədi və səsimiz eşidilmədi.Bütün bu fəlakətlər o zamankı Azərbaycan rəhbərlərinin qorxaqlığı, öz mənafelərini hər şeydən üstün tutması nəticəsində baş verdi.
Bu barədə ilk hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci ildə imzaladığı fərmanda verildi.
Firudin CÜMŞÜDLÜ,
tarix elmləri namizədi
“Xalq qəzeti”, 2 aprel 2015-ci il