
Azərbaycanlıların 1918-ci il mart soyqırımı bəşər tarixinə ən qanlı və misli görünməmiş faciələrdən biri, 1905-1907-ci illərdə törədilən qanlı cinayətlərin davamı kimi düşmüşdür. 1918-ci ilin mart, aprel və may aylarında Azərbaycanda ermənilər tərəfindən yarım milyondan artıq insanın həyatına son qoyulmuşdur.
XIX əsrdən başlayaraq ermənilər Cənubi Qafqazda işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq istər hərbi, istərsə də ideoloji vasitələrdən istifadə etmiş, XX əsr boyu Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı cinayətləri törətmişlər.
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları XX əsrin əvvəllərində – 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirmişlər. Ermənilər tərəfindən Bakıdan başlanan vəhşiliklər Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, yerlə yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Həmin dövrdə Bakı, Gəncə, Dəstəfur (indi Daşkəsən), Şamaxı, Quba, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad və Qazaxda azərbaycanlılara qarşı kütləvi qırğınlar, talanlar törədilmiş, minlərlə soydaşımız yurdlarından didərgin salınmış, yüzlərlə Azərbaycan kəndi tamamilə viran qoyulmuşdur.
Tarixi romanlar müəllifi, yazıçı Məmməd Səid Ordubadi “Qanlı illər”, Mir Möhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitablarında azərbaycanlılara qarşı aparılan soyqırımı barədə ətraflı bəhs etmişlər. Həmin kitablar dövrün mətbu nəşrləri, şahidlərin ifadələri və məktubları əsasında hazırlanmışdır.
1905-ci ilin may ayından başlayaraq Naxçıvan qəzasında da ermənilərin azərbaycanlılara qarşı qətlləri başlanmışdır. Onların Naxçıvanda törətdikləri qırğınlar Ordubad, Yaycı, Cəhri, Şıxmahmud, Kültəpə, Əliabad, Çeşməbasar, Tivi, Tumbul və onlarca başqa yaşayış məntəqələrini əhatə etmişdir. Ermənilər 1905-ci il noyabrın 26-da Naxçıvan şəhərindəki müsəlman bazarını tamam qarət etdikdən sonra od vurub yandırmışlar. Yanğın nəticəsində bazarda 85 dükan, 75 anbar və başqa tikililər məhv edilmişdir. Noyabrın 30-da isə Cəhri kəndi yandırılmışdır. Həmin gün Naxçıvana gəlmiş İrəvan general-qubernatoru Paskeviç hadisələrin təfsilatı ilə maraqlanmamış, Cəhri kəndi tamam yanıb qurtarandan sonra – dekabrın 2-də ora yollanmış, naxçıvanlıların haqlı şikayətləri ilə bir daha qarşılaşmamaq üçün gecə ikən qatarla İrəvana qayıtmışdır.
Arxiv materialları, tədqiqat əsərləri, müasirlərin xatirələri təkzibolunmaz faktlarla təsdiq edir ki, erməni quldur dəstələri 1918-ci ilin mart ayında Naxçıvan bölgəsinin müxtəlif yerlərində dəhşətli qırğınlar törətmişlər. Naxçıvan ərazisi türk ordusundan qovulan Andranik Ozanyanın və onun quldur dəstələrinin hücumlarına məruz qalmışdır. Onlar Naxçıvan və Şərur-Dərələyəz qəzalarının kəndlərinə basqınlar etmiş, əhaliyə divan tutmuş, qadınları, uşaqları, qocaları belə öldürmüş, heç kimə rəhm etməmişdilər.
1918-ci il iyul ayının 24-də Xoy şəhəri yaxınlığında türk qoşunları tərəfindən məğlub edilən Andranik öz silahlıları ilə Culfa bölgəsinin Yaycı kəndi ərazisindən Arazı keçərək Naxçıvana daxil olmuşdur. Naxçıvan şəhərini tutmağı öz qarşısına məqsəd qoyan Andranik Aza, Düylün, Yaycı, Dizə kəndlərinin əhalisini qılıncdan keçirmişdir. Qısa müddət ərzində o, Ordubad dairəsinin əksər hissəsini, Culfa şəhərini və bir sıra kəndləri işğal etmişdir. Mətbuat materialları təsdiq edir ki, həmin vaxt Andranikin dəstəsi Gilançay və Əlincəçay vadisində çox kəndi dağıdıb viran qoymuş, əhalinin əksəriyyətini vəhşicəsinə öldürmüşdür.
Andranikin ilk təcavüzü Naxçıvan qəzasının Araz çayı kənarında yerləşən Yaycı və Aşağı Aza kəndlərində olmuşdur. Naxçıvanın ən iri yaşayış məskənlərindən biri olan Yaycı kəndinin 2500 nəfərdən artıq əhalisi qətlə yetirilərək Araz çayına atılmışdır.
Yaycı hadisələri ilə bağlı Nehrəm kənd sakini Tağı Nağdəliyev 14 iyun 1918-ci ildə Naxçıvan Milli Komitəsinin sədri Mirzə Nəsrulla Əmirovun adına göndərdiyi məktubunda yazırdı: “Məlum edirəm ki, Andranikin dəstəsi İrandan Araz körpüsündən keçərək Yaycı kəndinə girmiş, həmin kənd əhalisini qılıncdan keçirərək kəndi tar-mar etmişdir. Camaldın və Ərəzin kövşəninə erməni qoşunları dolubdur. Lazımi sərəncam verməkdən ötəri xəbər edirəm ki, Nehrəm kəndi qorxu içindədir”.
Bundan əlavə, Andranikin dəstələri Naxçıvan şəhərinə də hücum etmişlər. Uğursuz hücumdan sonra ermənilər Naxçıvançayın sol sahilində yerləşən kəndlərdə, xüsusilə Sirab dərəsi adlanan yerdə qanlı qətllər törətmiş, ətraf kəndlərdən qaçıb buraya toplaşmış əhalini qılıncdan keçirmişlər. Ermənilər həmin vaxt yaxın ərazilərdən Sirab kəndinə pənah gətirmiş və kənddəki 3 məsciddə gizlənmiş 1000-dən artıq günahsız insanı od vurub yandırmışlar. Ermənilərin hücumları zamanı Naxçıvanın 80-dən artıq yaşayış məskəni dağıdılmış, minlərlə insanın həyatına son qoyulmuşdur.
Həmin vaxt Naxçıvan bölgəsində 130 minə qədər əhali yaşayırdı. Andranikin vəhşilikləri zamanı və sonrakı 2 il ərzində onlardan 73 min 727 nəfəri qəddarcasına qətlə yetirilmişdir. Bu günahsız insanların böyük bir hissəsi azyaşlı uşaqlar, qadınlar və qocalar olmuşdur. Ancaq Naxçıvanın özünümüdafiə dəstələri bu ərazinin ermənilər tərəfindən işğal olunmasına imkan verməmişlər. 1919-cu il dekabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin rəhbəri Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında naxçıvanlıların bölgəni müdafiə etmək üçün göstərdiklərii şücaəti belə xarakterizə etmişdir: “İgid naxçıvanlılar, şərurlular və vedibasarlılar bu məsələni özləri həll ediblər; onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa – Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar”. Ümumiyyətlə, istər 1905-1907-ci illərdə, istər 1918-1920-ci illərdə, istərsə də ötən əsrin 90-cı illərindən başlayaraq erməni quldur dəstələri Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvana da hücumlar təşkil edərək xeyli sayda qanlı cinayətlər törətmişlər.
1920-ci ilin yay aylarında erməni silahlı qüvvələri Zəngibasar-Vedibasar-Şahtaxtı-Şərur istiqamətində dinc əhaliyə qarşı ağlasığmaz zorakılıqlar və vəhşiliklər etmişlər. Zəngibasarda 48 kənd tamamilə yandırılmış, 8 qız və gənc qadın əsir aparılmış, 400-dən çox uşaq, 150 qoca kişi və qadın öldürülmüş, 100 xəstə yatağındaca yandırılmış, 816 qaçqın Arazda boğulmuş, 160 min nəfər Cənubi Azərbaycana keçərək orada evsiz-eşiksiz qalmışdı. Vedibasarda 118 kənd yandırılmış, 900 nəfər artilleriya atəşi ilə öldürülmüş, 6 qadın əsir aparılmış, 300-dən artıq uşaq və qoca qətlə yetirilmişdi. Dərələyəzdə 74, Şərur və Şahtaxtıda 76 kənd yandırılmışdı. Şərurda 810 nəfər xəstə qətlə yetirilmiş,114 qadın əsir götürülmüş, 72 nəfər top atəşi ilə məhv edilmiş, 150 qoca və qadın öldürülmüşdü. Şahtaxtıda isə 3 qadın əsir aparılmış, 35 uşaq, 14 qoca kişi, 8 qadın və 9 xəstə güllələnmişdi. Bütövlükdə 1918-1921-ci illərdə erməni quldur dəstələri Naxçıvan bölgəsində 73 min 727 nəfər müsəlman əhalisini vəhşicəsinə qətlə yetirmişlər və s.
Bu kimi hadisələrin əsl mahiyyəti Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanda göstərilmiş, ermənilərin xalqımıza qarşı əsrlərboyu apardıqları soyqırımı siyasəti dərindən təhlil edilmiş və ona siyasi qiymət verilmişdir.
Azərbaycan tarixinə gur işıq salan bu mühüm tarixi sənəd heç zaman öz aktuallığını itirməyəcək. Həmin fərmana uyğun olaraq, hər il ölkəmizdə 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi yad edilməsi əsrlərboyu xalqımıza qarşı törədilmiş bu qanlı cinayətləri unutmamaq və bir daha yaşamamaq üçündür.
Rəhman SALMANLI,
“Azərbaycan”, 31 mart 2024-cü il
27.03.2026
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










