Azərbaycan Respublikası humanitar atəşkəs elan olunması haqqında Moskva razılığından sonra öz insanpərvər mövqeyini bir daha vurğulayıb. Belə ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası oktyabrın 12-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin başçısı ilə keçirilmiş görüşdə birtərəfli qaydada Azərbaycan tərəfinin humanist addım kimi Ermənistanın 30 hərbçisinin meyitinin və eyni zamanda, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən geri çəkildiyi zaman köməksiz halda qoyub getdiyi erməni millətindən olan iki mülki şəxsin qarşı tərəfə verilməsi ilə bağlı birtərəfli qaydada BQXK-ya təklif verib.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Komissiyasının katibi İsmayıl Axundov oktyabrın 27-də jurnalistlərə müsahibəsində deyib.
O, həmçinin bildirib ki, bundan sonra Dövlət Komissiyası tərəfindən BQXK-nın Azərbaycan nümayəndəliyi ilə keçirilmiş görüşlərdə bununla bağlı bir neçə dəfə təklif verilməsinə baxmayaraq, bu humanitar missiyaya Ermənistan tərəfindən heç bir cavab verilməyib. Bu, Ermənistanın beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik əlaməti olmaqla yanaşı, bu ölkənin öz vətəndaşlarına qeyri-humanist mövqe sərgiləməsinin göstəricisidir.