Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 79 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma ilə bağlı 8 fakt üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğınlar görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib.
Sutka ərzində biri azyaşlı olmaqla 9 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib. Abşeron rayonunda dənizdə qeyri-çimərlik ərazidə batan Xıdırov Aqşin Afər oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində tədbirlər fasiləsiz həyata keçirilir.