Otuz il Ermənistanın işğalına məruz qalan, bir milyon vətəndaşı öz doğma torpağından qovulan Azərbaycan Ermənistanın ərazi iddiaları ilə bağlı münaqişə məsələsinin beynəlxalq hüquq çərçivəsində həll edilməsi istiqamətində çox səy göstərdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dövlətimizin illərlə apardığı sülh siyasətinin bir nəticə vermədiyindən əmin olaraq, 2020-ci il sentyabrın 27-də rəşadətli ordumuza əks-hücum əməliyyatı əmri verdi. Birinci Qarabağ müharibəsi bizi nə qədər məyus etmişdisə, İkinci Qarabağ müharibəsi qürurumuzu, mənliyimizi, kimliyimizi qaytardı. Zəfərə gedən yol isə 2016-cı il Aprel döyüşlərindən, 2018-ci il Günnüt əməliyyatından və 2020-ci ildəki Tovuz döyüşlərindən keçirdi. Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbəmizin şanlı başlanğıcı məhz bu tarixlərdə qoyulub. Təxribatlarını aramsız olaraq davam etdirən düşmən məhz həmin döyüşlərdə Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının sarsılmaz iradəsini gördü. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan xalqını ən böyük arzusuna – tarixi Zəfərə bu taleyüklü mərhələlərdən uğurla keçərək çatdırdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İqbal Məmmədov söyləyib.
Bu gün Günnüt əməliyyatından beş il keçdiyini diqqətə çatdıran deputat bildirib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətini göstərdiyi halda, Günnüt əməliyyatı Silahlı Qüvvələrimizin nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu təsdiqlədi. Beləliklə, döyüş meydanında təcrübə qazanan qəhrəman əsgərlərimiz, zabitlərimiz Vətən müharibəsində düşmənə aman və göz açmağa imkan verməyərək onları cəmi 44 gün ərzində məğlubiyyətə uğratdılar.
“Günnüt əməliyyatı Naxçıvan Muxtar Respublikasının ərazisində həyata keçirildi. 2018-cı il mayın 20-dən 27-dək davam edən əməliyyat nəticəsində Əlahiddə Ümumqoşun Ordusunun əks-həmləsi ilə Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya dağı, Qaraqaya dağı azad olundu, Dərələyəz mahalının Arpa kəndi Ordumuzun nəzarəti altına keçdi. Döyüşlər nəticəsində, ümumi olaraq, 11 min hektarlıq ərazi azad olundu.
Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyətli İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yolunun Ordumuzun nəzarəti altına keçməsi mühüm hərbi üstünlük demək idi.
Prezident, Ali Baş Komandan İlham Əliyev 2018-ci il mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsində yaradılan şəraitlə, silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış oldu və Naxçıvanda ordu quruculuğu istiqamətində görülən işləri yüksək qiymətləndirdi. Dövlətimizin başçısı Naxçıvan Ordusunun böyük qüvvəyə malik olduğunu və düşmənin istənilən təxribatının qarşısını ala, eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə biləcəyini qeyd etdi. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu bundan cəmi dörd gün sonra Ali Baş Komandanın etimadını doğruldaraq Günnüt əməliyyatını uğurla həyata keçirdi”, – deyə İ.Məmmədov qeyd edib.
Deputat söyləyib ki, Günnüt əməliyyatından sonra işğaldan azad olunan ərazilərin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyə məqsədilə 50 kilometrdən artıq yeni yol çəkilib, 60 kilometrdən artıq yararsız yollar bərpa edilib.
İ.Məmmədov vurğulayıb ki, Günnüt zəfəri, Aprel və Tovuz döyüşləri, nəhayət Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanda xalq-dövlət-ordu birliyini bütün dünyaya nümayiş etdirdi. Bunlar xalqımıza və ordumuza qürur yaradan şanlı tariximizin parlaq səhifələridir. Günnüt əməliyyatı zamanı əldə edilən Qələbəmiz, Azərbaycan hərbçilərinin peşəkarlığı Ermənistan ordusunun şəxsi heyətinin vahiməyə düşməsinə səbəb oldu. Bu da 44 günlük Vətən müharibəsində Qələbəmizi şərtləndirən amillərdən biri idi.
“Bu il 100 illik yubileyini təntənə ilə qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsidir ki, biz düşməni döyüş meydanında məğlub edərək Zəfər qazandıq. Regionda yeni reallıq yaradan ölkəmiz sülh və sabitliyi dəstəkləyir. Azərbaycan 5 baza prinsipi əsasında sülh gündəliyinə sadiqlik nümayiş etdirir.
Ordumuzun gücü və qüdrəti sayəsində bu gün hər bir vətəndaşımız rahat, sabitlik şəraitində yaşayır. Azərbaycan Ordusunun hər bir əsgər və zabiti müstəqilliyimizin qorunmasında və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında öz vəzifəsini şərəflə yerinə yetirir. Tanrıdan müqəddəs torpaq uğrunda canından keçən şəhidlərimizə də rəhmət diləyirik”, – deyə deputat vurğulayıb.