Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın Kəlbəcər rayonunun işğalı və aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanat yayıb.
APA-nınb məlumatına görə, bəyanatda deyilir: “Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin, təcavüz və işğal siyasətinin tərkib hissəsi olaraq 1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi xaricində yerləşən Kəlbəcər rayonunun işğalı üçün hücum əməliyyatı əsasən Ermənistan ərazisindən həyata keçirilib və hücumda ağır artilleriya, Mi-24 helikopterləri və hərbi təyyarələrdən istifadə edilib.
İşğal nəticəsində 60.000-nə yaxın Kəlbəcər sakini etnik təmizləməyə məruz qalaraq öz dogma torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. Hal-hazırda sayı 70.000-ni ötən Kəlbəcər sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşayır.