Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Prezidentin Sərəncamı və Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun keçirilən tədbirlərin davamı olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı elektron məlumat bazası hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası “Rəsmi sənədlər”, “Xocalı rayonu”, “Xocalının Milli Qəhrəmanları”, “Soyqırım haqqında”, “Xocalı şəhidləri”, “Şahidlərin söylədikləri”, “Ermənilərdən etiraflar”, “Ermənilər tərəfindən dağıdılmış abidələr”, “Xocalıya ədalət kampaniyası”, “Xocalı soyqırımının tanınması”, “Xocalı soyqırımı mədəniyyətdə”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.
Qeyd edək ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. XX əsrin faciəsi olan Xocalı soyqırımı cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Xocali-soyqirimi/index.html linkindən istifadə edə bilərlər.