Milli Mentalitet Məsələsi (MMM) rəhmətlik Səməndər Rzayevin məşhur qəhrəmanlarından birinin təbirincə desək, çox qəliz məsələdir, həm qəlizdir, həm də ki, vacib.
Bu məsələnin məhz nəyə görə qəliz olduğunu hamımız bilirik.
Bu məsələ nəyə görə vacibdir?
MMM ən azı ona görə vacibdir ki, çətin anlarda dadımıza çatır, sözümüz qurtaranda və yaxud deyə biləcəklərimizin sayı həddindən artıq çox olanda, məhz bu məsələyə istinad edirik.
İcazənizlə, keçirəm misallara. (Belə misallardan hər birimizin “cəbbəxana”sında istənilən qədər var)
Tutaq ki, işiniz yetkili bir şəxsə düşüb. Hanısa problemlə bağlı müraciət eləmisiniz. Həmin şəxs də də probleminizi çözüb. Bunu da ona görə edib ki, sizin probleminizi çözmək onun birbaşa vəzifəsidir. O buna görə maaş alır.
Hə, problem həllini tapandan sonra siz ona “hörmət” eləmək qərarına gəlmisiniz. Boğazınızdan kəsib “hörmət”i formalaşdırmısınız. Bu zaman yaxınlarınızdan kimsə sizdən bunu nəyə görə etdiyinizi soruşur. Çox güman ki, sualının əhəmiyyətlilik əmsalını artırmaq üçün yuxarıdakı müddəalardan istifadə də edir.
Siz də deyirsiniz ki, adət-ənənə var, kişi əziyyət çəkib, yaxşı deyil, yenidən bu adama işimiz düşə bilər. Üstəlik, onun da da ailəsi, uşaqları var. O bunu etməyə də bilərdi. Həm də o yad deyil axı. Yerlinizdir, bir qədər detallara varsaq qohum da çıxa bilərsiniz, bəlkə də artıq çıxmısınız.
Başqa sözlə desək, MMM çətin, mübahisəli məqamda dadınıza çatır.
Siz bu minvalla həm “hörmət”in məhəbbətini ürəyinizdən çıxara bilirsiniz, həm də doğmanızın sualını açıq-aşkar sezilən məharətlə cavablandırırsınız.
Yeri gəlməsə də deməliyəm ki, məncə MMM-dən istifadə imkanları hələ də yetərincə araşdırılmayıb. Araşdırmaq lazımdır. Məsələnin o qədər aspektləri var ki… Saymaqla bitmir. Tutaq ki, bazar iqtisadiyyatına keçid şəraitində MMM-dən istifadə imkanları niyə araşdırılmasın axı? Mövzular o qədər çoxdur ki, onları sadalayıb mətləbi uzatmaq istəmirəm.
MMM barədə çox yazmaq olar…
Sonda. Unutmamalıyıq ki, torpaqlarımızı yadelli işğalçılardan azad edən, düşməni iti qovan kimi rədd edən qəhrəman Azərbaycan əsgəri də bizim mentalitetin daşıyıcısıdır. Azərbaycanlı mentalitetinin. Bizim doğma, təkrarsız, bənzəri olmayan mentalitetin.
Fuad Babayev