Mən inanıram ki, bizim bölgədə hər şey Azərbaycan xalqının xeyrinə dəyişəcək, xalqımız gələcəkdə mütləq və mütləq gedib öz gözəl Göyçə torpağını, doğma dağlarını, bulaqlarını, çaylarını, ata-babalarının qəbirlərini görəcəkdir. Mən buna heç şübhə etmirəm.
Heydər Əliyev
Ümummilli Lider
Tarixə nəzər salsaq görərik ki, ən çətin dövrlərdə, ayrı-ayrı imperiyaların tərkibində olanda belə azadlıq və müstəqillik məfkurəsi Azərbaycan xalqının genetik yaddaşını heç zaman tərk etməyib. Xalqın on illər, bəlkə də yüz illər irəlini görməyi bacaran və düşünən beyinləri ən ağır şərtlər altında belə millətin azad, müstəqil və firavan yaşaması üçün fədakarlıq nümayiş etdirərək öz ideyaları və əməlləri ilə bu günümüzə körpü salıblar. Bu körpüdən yol alaraq Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı ilə xalqımızın tarixində təxminən otuzillik qaranlıq bir dövrə 2020-ci ildə Vətən müharibəsindəki Zəfərimiz, 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri ilə son qoyuldu. Beləliklə, son 200 ilin torpaq itkiləri, etnik təmizləmələr və deportasiya erası bitdi. Bu gün ərazi bütövlüyü tam təmin olunan qalib Azərbaycan inkişaf tarixinin yeni dövrünə qədəm qoyub və bu yolda inamla irəliləyir.
Qərbi Azərbaycana addım-addım yaxınlaşırıq
Mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlının şüurunda Qərbi Azərbaycan torpaqlarının xatirəsi qorunub saxlanılır. Ermənilərin tarixi ərazilərimizə hərbi-siyasi təcavüzü nəticəsində verdiyimiz itkilərin acısı xalqımızın qəlbində möhürlənib qalıb. Bu acı, xüsusilə bu torpağın havasını, suyunu udanları daha çox incidir. Bir sözlə, Qərbi Azərbaycanda doğulanların, böyüyənlərin qəlbinə bu müqəddəs torpağın başqa möcüzəsi hakimdir.
Vətən bizi kimliyimizə qaytaran məkan, isti yuva, ocaqdır. Volterin təbirincə, Vətən ruhumuzun əsir olduğu yerdir, Qərbi Azərbaycan xalqının ruhu isə daim öz Vətəninin əsiridir. Bu ruh daim ona doğma, əziz olan yerə can atır. Biz Qərbi Azərbaycana addım-addım yaxınlaşırıq, tarixi torpaqlarımıza qovuşmağa əsas verən özülün binasına hər gün bir daş, bir kərpic qoymaqla, “Yol xəritəsi”nə uyğun olaraq müəyyənləşdirdiyimiz məqsədə doğru gedirik. 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisi olan Qərbi Azərbaycan İcması (QAİ) Prezident İlham Əliyevin tapşırığı və tövsiyələri əsasında bu istiqamətdə çox səmərəli fəaliyyət göstərir. İcma yarandığı gündən indiyədək bir çox işlər görüb. Beynəlxalq aləmdə Qərbi Azərbaycan həqiqətlərinin tanıdılmasına nail olan icmanın fəaliyyətinin əsas məqsədi soydaşlarımızın doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasının təmin edilməsi prosesinə dəstək verilməsidir.
Prezident İlham Əliyevin öz doğum günündə Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşməsi və orada səsləndirdiyi fikirlər Qayıdış Konsepsiyasının hazırlanmasına rəvac verdi və “Yol xəritəsi”ni müəyyənləşdirdi. Dövlətimizin başçısı görüş üçün həmin yerin təsadüfi seçilmədiyini də vurğulayaraq dedi: “Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah”.
Azərbaycan Prezidentinin tövsiyə və tapşırıqlarına uyğun olaraq, görülən işlər nəticəsində icmanın 4 sənədi BMT-də bu təşkilatın rəsmi sənədi kimi yayılıb. Həmçinin Qərbi Azərbaycanın həqiqətlərinin dünyada tanıdılması istiqamətində mühüm tədbirlər həyata keçirilir və bir sıra ölkələrdə forumlar təşkil edilir.
Bəli, tarix heç nəyi unutmur və silmir. Bəzi qüvvələr nəyisə silmək istəsələr də, hansısa günahlarının üstünü ört-basdır etməyə çalışsalar da, bu, mümkün deyil. Çünki alihəzrət fakt deyilən bir şey var. Yalançı xülyalar bir gün sabun köpüyü kimi yox ola bilir, amma tarix olduğu, yaşandığı kimi qalır. Məsələn, dünya ermənilərinin himayədarları “dənizdən-dənizə böyük Ermənistan” ideyasını nə qədər gerçəkləşdirməyə çalışsalar da, istəklərinə nail ola bilmədilər. Çünki yalan üzərində qurulan ideya və arzular gec və ya tez məhvə məhkumdur. Tarixi, faktları isə heç kim məhv edə bilməz.
Bizə möcüzə kimi gələnlər indi reallığa çevrilir
Azərbaycan Müstəqillik Gününü 106 ildə ilk dəfə ərazi bütövlüyü tam təmin olunmuş halda qeyd etdi. Bizə möcüzə kimi gələnlər aparılan məqsədyönlü, müdrik siyasət, mövcud olan möhkəm siyasi iradə nəticəsində indi reallığa çevrilir. Təqribən 30 il bundan əvvəl doğma torpaqlarından qovulan, didərgin salınan insanlar artıq öz evlərinə qayıdırlar.
Bu il mayın 28-də – Müstəqillik Günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalıda oldular, buraya ilk köçən 20 ailənin üzvləri ilə görüşdülər. Dövlətimizin başçısının 28 May – Müstəqillik Gününü hər il işğaldan azad olunmuş bir bölgədə qeyd etməsi artıq ənənə halını alıb. Prezident İlham Əliyev iki il əvvəl Müstəqillik Günündə Zəngilan rayonunun Ağalı kəndinə, ötən il Laçına, bu il isə Xocalıya səfər edib. Təbii ki, bu, təsadüfi deyil. Azərbaycan Prezidentinin sözünün və vədlərinin imzası qədər dəyərli olduğunu xalqımız yaxşı bilir. Dövlətimizin başçısının işğal dövründə böyük məhrumiyyətlərə, işgəncə və soyqırımına məruz qalan Xocalının sakinləri ilə görüşündə vurğuladığı kimi, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi olmadığı kimi, həmçinin gözəl tarixi hadisədir və xüsusi məna daşıyır.
Qeyd edək ki, mayın 28-dək ümumilikdə 1920 ailənin – 7487 nəfərin köçü tamamlanıb və artıq 822 ailə (3132 nəfər) Füzuli şəhərində, 20 ailə (90 nəfər) Talış kəndində, 175 ailə (871 nəfər) Ağalı kəndində, 493 ailə (1838 nəfər) Laçın şəhərində, 59 ailə (215 nəfər) Sus kəndində, 217 ailə (823 nəfər) Zabux kəndində məskunlaşıb. Mədəniyyət paytaxtımız olan Şuşa şəhərinə artıq 90 ailə (349 nəfər) köçürülüb. Mayın 28-i isə Xocalıda ilk 20 ailəyə mənzilin açarları təqdim edilib. Mayın 29-da 24 ailə olmaqla, 88 nəfər Xocalı sakini öz yurduna qovuşub. Bununla da Xocalı şəhərində 44 ailənin, yəni, 169 nəfərin daimi məskunlaşması təmin olunub. Azərbaycanın Ermənistan tərəfindən 30 ilə yaxın viran edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyat yenidən canlanır və bu torpaqlar doğma sakinlərini qucaqlayır.
Növbəti hədəfimiz Qərbi Azərbaycana qayıdışıdır
Son 200 ildə Azərbaycan xalqına qarşı bizə məxsus torpaqlarda aparılan soyqırımı siyasəti, törədilən çoxsaylı cinayətlər sonradan ört-basdır edilib. Amma illər keçsə də, xüsusilə etnik zəmində həyata keçirilən cinayətlər gizli qalmır və üstü zaman-zaman açılır. Tarix heç bir cinayəti bağışlamır. Vurduğu yaraların izləri incitsə də, ədalət sonunda zəfər çalır. Çünki ilahi ədalət deyilən bir şey var. Bizim qələbələrimiz və uğurlarımız hələ qarşıdadır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan hərb meydanında qələbəsini diplomatik sahədə davam etdirir. Aparılan səmərəli danışıqların yekunu olaraq Azərbaycan ilə Ermənistan arasında 12,7 kilometr dövlət sərhədi razılaşdırılıb. Qazaxın 4 kəndinin dinc yolla qaytarılması isə Azərbaycanımızın 44 günlük Vətən müharibəsində, 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə qazandığı Zəfərin davamı, ölkəmizin suverenliyinin təmin olunmasında daha bir önəmli addımdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz gündən-günə inkişaf edir, Ordumuz güclənir, müdafiə və təhlükəsizlik tədbirləri genişləndirilir. Çünki iqtisadiyyatı və ordusu güclü olan dövlət hər zaman bir addım öndədir. Azərbaycan xalqı da Vətən müharibəsində olduğu kimi dövlətinin, Ordusunun yanındadır, həmrəydir. Xalq-dövlət-ordu birliyi isə böyük qüvvədir və biz məhz bu qüvvənin sayəsində döyüş meydanında Zəfər çaldıq, adımızı tarixə yazdıq. Zəfərindən sonra yeni dövrdə inkişaf yolunda inamla irəliləyən Azərbaycanın nüfuzu durmadan artır. Bizim olanları geri qaytarmaqda iradəli və qətiyyətliyik. Əvvəldən əsas hədəflərimiz torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpa olunması, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi. Bu hədəfə artıq nail olunub. Növbəti hədəf isə tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışıdır. Müzəffər Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi ilə biz bu məqsədə də çatacağımıza əminik.
Soydaşlarımız doğma torpaqlarından necə qovulub? – Tarixə qısa nəzər
Sovetlərdən dəstək alan ermənilər soydaşlarımızın Qərbi Azərbaycandan 1918-1920, 1948-1953, 1988-1991-ci illərdə mərhələli və kütləvi şəkildə qovulmasına nail olublar. Təkcə bir faktı demək kifayətdir ki, 1988-1991-ci ildə bizə məxsus tarixi torpaqlardan 250 mindən çox azərbaycanlı didərgin salınıb. Tarixi şəhərimiz İrəvanın və Zəngəzurun Ermənistana verilməsi isə bağışlanmaz səhv idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2022-cü il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasını ziyarət edərkən bu ağrılı mövzu ilə bağlı fikirlərini görüş iştirakçıları ilə bölüşərək dedi: “1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik”.
“Biz bu tariximizin qara səhifələrini də unutmamalıyıq, ört-basdır etməməliyik. Birincisi, tarixi həqiqət təhrif olunmuş formada təqdim edilməməlidir. İkincisi, bu faciəvi hadisə hamımız üçün dərs olmalıdır”, – deyən dövlətimizin başçısı 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə Zəngəzurun da Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsini xalqımıza qarşı növbəti cinayət kimi dəyərləndirdi. Azərbaycan Prezidenti əmin olduğunu bildirdi ki, Qərbi Azərbaycan İcması bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaq.
Tarixə nəzər: 1747-1828-ci illərdə 49 hökmdarın başçılıq etdiyi İrəvan xanlığı Azərbaycan dövlətçiliyinin bütün tarixi monolitinin quruculuq və əzəmət nümunəsini təcəssüm etdirib. İrəvan xanlığı Qərbi Azərbaycan ərazilərini – Ağrıdağ düzündən Göyçə gölünə və Araz çayından qərbə qədər olmaqla 15 rayonu əhatə edib. İnzibati idarəetmə sisteminə malik Qarabağ xanlığında xalçaçılıq, ticarət, əkinçilik, bağçılıq, tərəvəzçilik, maldarlıqla məşğul olan etnik Azərbaycan türkləri yaşayıblar. Bax, tarix budur!
İrəvan xanlığının ərazisi Rusiya imperiyası tərəfindən işğal olunduqdan sonra Türkiyə və İrandan köçürülən ermənilərin hesabına keçmiş xanlığın əhalisinin sayının süni şəkildə artırılması nəticəsində demoqrafik vəziyyətdə ciddi dəyişikliklər baş verib. Təsəvvür edin, 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının torpaqlarında yaradılmış erməni vilayətində 1832-ci ildə cəmi 81 min 610 erməni yaşayırdı. Ermənilərdən 50 mindən çoxu həmin əraziyə 1828-1829-cu illərdə köçürülmüşdü. 1873-cü ildə adı Erivan (İrəvan) quberniyasına dəyişdirilmiş bu vilayətdə 221 min 191 erməni var idi. Beləliklə, qırx il ərzində buradakı ermənilərin sayı məqsədli şəkildə təxminən üç dəfə artırılmışdı. Birmənalı olaraq təbii artım yolu ilə onların çoxalması mümkün deyildi. Belə bir mənzərəni yalnız kütləvi, yəni, heç bir halda gizlədilməsi mümkün olmayan köçürmə prosesi yarada bilərdi.
Məlum olduğu kimi, 1918-ci ilin mayında Cənubi Qafqazda üç müstəqil dövlət – Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları yaradıldı. Həmin dövrün müsəlman Şərqində ilk dəfə olaraq respublika dövlət quruluşu və demokratik idarəetmə ilə Azərbaycan formalaşdı. Müsəlman (Azərbaycan) Milli Şurası 1918-ci il mayın 29-da, yəni, AXC-nin elan edilməsindən cəmi bir gün sonra İrəvana dövlət paytaxtı statusu vermək üçün onun yeni elan olunmuş Ermənistan Respublikasına verilməsi barədə qərar qəbul etdi.
AXC rəhbərlərinin bu cür “güzəştkarlığı” Azərbaycan Ordusunun uğurlu müqavimətinə baxmayaraq, 1920-ci il aprelin əvvəlində Zəngəzurun daşnak Ermənistan tərəfindən işğalı, habelə bu ərazinin Kreml rəhbərliyindəki erməni lobbisinin köməyi ilə Sovet Ermənistanı tərəfindən ilhaqı ilə nəticələndi. Sözügedən ərazinin ilhaqı Rusiya Kommunist Partiyasının (bolşeviklərin) Mərkəzi Komitəsinin Qafqaz bürosunun 1921-ci il 3 iyun tarixli qərarına əsaslanırdı. Bunun ardınca Qafqaz cəbhəsi qərargahının Zəngəzurun Njdenin quldur dəstələrindən tamamilə azad edilməsi, qərbi və ya yuxarı Zəngəzurun Ermənistana tam birləşdirilməsi barədə 1921-ci il 16 iyul tarixli bildirişi, habelə bolşeviklərin (Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosu) və Təşkilati Büronun daha əvvəl bolşevik mərkəzinin təzyiqi ilə qəbul etdikləri 30 noyabr tarixli qərarları və RSFSR ilə Ermənistan SSR arasında bağlanmış 1920-ci il 2 dekabr tarixli müqavilənin 3-cü maddəsində təsbit olunmuş Zəngəzur və Naxçıvanın Sovet Ermənistanına verilməsi haqqında Bakı Sovetinin 1920-ci il 1 dekabr tarixli Bəyannaməsi açıqlanmışdı.
Azərbaycanın İrəvanı Ermənistana verməsi müqabilində Ermənistanın növbəti “minnətdarlıq” aktı azərbaycanlıların 1948-1953-cü illərdə indiki Ermənistan ərazisində yaşadıqları əzəli tarixi torpaqlarından kütləvi şəkildə deportasiyası, onların 1956-cı, 1960-cı, 1968-ci illərdə Qarabağ və Naxçıvana ekspansionist cəhdlərinin sonrakı mərhələləri oldu. 1988-1989-cu illər azərbaycanlıların Qərbi Azərbaycan ərazisindəki doğma yurdlarından tamamilə deportasiyası ilə başa çatan son mərhələ idi.
Tarix, şahidlər, sənədlər, xəritələr Qərbi Azərbaycanın bizim tarixi torpaqlarımız olduğunu sübut edir. Bunu dövlətimizin başçısı 2022-ci ildə Qərbi azərbaycanlılarla görüşündə bir daha vurğulayıb: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir”.
Qərbi azərbaycanlıların tarixi irsini silmək istəsələr də, nail ola bilməyiblər
Statistika göstərir ki, Sovet Ermənistanında 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayıblar. 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil ediblər. Bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşayıblar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarılıb, bir çoxu öldürülüb, qalanlarına işgəncələr verilib.
Əzəli Azərbaycan torpaqlarına köçürülmələrindən etibarən ermənilər xalqımızın mədəni, mənəvi və memarlıq irsinə qarşı vandalizm siyasəti həyata keçiriblər. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var”.
Əgər 1869-cu ildə təkcə İrəvan qəzası ərazisində (İrəvan quberniyasını təşkil edən 7 qəzadan biri) 60 məscid var idisə, XX əsrin əvvəllərində mütəxəssis B.Y.Mehrabovun tərtib etdiyi dövlət və ictimai binaların siyahısına əsasən, cəmi 9 məscid qalmışdı. Əldə olan məlumatlara görə, indi Qərbi Azərbaycan ərazisində yalnız bir məscid – Göy məscid qalıb.
Ermənistandan bütün azərbaycanlılar qovulduqdan sonra bu respublikanın 16 rayonunda 90 kəndin və rayonun adı dəyişdirilib ki, onların da 95 faizi türk toponimləridir.
Müharibənin yaxşısı, sülhün isə pisi yoxdur
Bencamin Franklinin dediyi kimi, müharibənin yaxşısı, sülhün ilə pisi yoxdur. Hazırda Azərbaycanla Ermənistan arasında normallaşma, sülh sazişinin imzalanması istiqamətində intensiv iş aparılır. Zəfəri ilə ərazi bütövlüyünü təmin edən Azərbaycan regionda sülhün və dinc yanaşı yaşamanın tərəfdarıdır. Ölkəmiz 5 baza prinsipi əsasında sülh sazişini imzalamağa hazırdır və qarşı tərəfdən də eyni münasibəti gözləyir.
Ermənistan dövləti ilə sülh şəraitində yanaşı yaşamaq üçün mahiyyəti üzrə işlənib hazırlanmış imperativlər Qərbi Azərbaycan torpaqlarından deportasiya edilmiş azərbaycanlıların vətənlərinə qansız-qadasız şəkildə geri qaytarılması üçün mühüm əhəmiyyət daşıyır. Təbii ki, burada söhbət ərazi iddialarından deyil, tarixi həqiqətdən gedir. Bu, tarixi ədalətin bərpası, yəni, Qərbi Azərbaycanın avtoxton əhalisinin ulu əcdadlarının torpaqlarına qayıtması ilə nəticələnməlidir. Bu regenerasiyanın hər iki xalqın mənafeyi naminə nə dərəcədə sivil, beynəlxalq hüququn prinsip və normalarına uyğun şəkildə həyata keçiriləcəyi qonşularımızdan asılıdır.
Biz Qayıdış Konsepsiyası əsasında “Yol xəritəsi”nə uyğun olaraq irəliləyirik. Heç kəs və heç bir təşkilat Qərbi azərbaycanlıları doğma torpaqlarından məhrum edə bilməz. Atalar “torpaqdan pay olmaz” deyirlər.
Xalqımıza görkəmli şəxsiyyətlər bəxş edən qədim və köklü torpaq
Göyçə, Dərələyəz, Zəngəzur, Pəmbək, Ağbaba, Vedibasar, Zəngibasar mahalları ilə məşhur olan tarixi torpaq Azərbaycana görkəmli dövlət və elm xadimi, professor Əziz Əliyev (İrəvan quberniyası, Hamamlı kəndi, 1897-1962), akademik, Azərbaycan SSR Ali Sovetinin sədri Mustafa Topçubaşov (İrəvan şəhəri, 1895-1981), Aşıq Ələsgər (İrəvan, Üç kilsə, 1821-1926), Aşıq Alı (Göycə, Qızılvəng, 1801-1911) azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim Zərifə Budaqova (İrəvan şəhəri, 1929-1989) şair, tənqidçi, ədəbiyyatşünas, ictimai xadim Cəfər Xəndan (İrəvan, Uluxanlı kəndi, 1910-1961), mifoloq-türkoloq Mirəli Seyidov (İrəvan şəhəri, 1918-1992), Xalq Cümhuriyyətinin Ermənistandakı diplomatik nümayəndəsi və Cümhuriyyətin ədliyyə naziri Teymur bəy Makinski ( İrəvan şəhəri, 1874-bilinmir), məşhur bəstəkar Səid Rüstəmov (İrəvan şəhəri, 1907-1983), seleksiyaçı alim, professor Əhməd Rəcəbli ( 1898- 1963), şair Əhməd Cəmil (İrəvan şəhəri, 1913-1977), nüfuzlu ziyalı və tanınmış dövlət xadimi Cəfər Vəlibəyov (İrəvan quberniyası, Üçkilsə, 1912-1981,) İrəvan Müsəlmanlarının III rəisi, qazı, pedaqoq Axund Məhəmmədbağır Hacı Molla Mehdi oğlu Qazızadə (İrəvan şəhəri, 1892-1910) kimi görkəmli şəxsiyyətlər bəxş edib.
Vaxt gələcək Azərbaycan dövlətçiliyində, elmində və mədəniyyətində iz qoymuş həmin şəxsiyyətlərin ruhu onların törəmələrinin doğma yurda qayıtmaları ilə şad olacaq. O gün uzaqda deyil!…