Indi dəbdə olan sözlərdən biri də “obyekt” sözüdür. Bu sözdən açıq-aşkar sezilən həvəslə çox adam istifadə edir. Və bu söz əslində olduqca faydalı, istifadə olunanda xeyli yersiz təfərrüatlara qənaət etmək imkanı yaradan sözdür.
Məsələn, bir adam haqqında danışanda “onun obyekti var” ifadəsindən istifadə olunursa dərhal gözlərimiz önündə uğurlu bir fərdin obrazı canlanır. Bu fərd ən azı ona görə uğurludur ki, obyekti var, onu icarəyə verib və əlini ağdan-qaraya vurmadan yaşamaq imkanı əldə edib.
Bəzən də eşidirik ki, kimsə işlətdiyi obyektin icarə haqqını ödəyə bilmədiyi üçün işini dayandırmalı olub. Burada da dərhal hər şeydən xəbərdar oluruq. Məlum olur ki, haqqında danışılan sahibkar ciddi uğursuzluğa düçar olub. Əlavə şərhə ehiyac yoxdur.
Mən bu balaca yazıda başqa obyektdən danışmaq istəyirəm.
Söhbət unikal, yəni misli-bərabəri olmayan, ən əsası isə təhlükəsiz tənqid obyektindən gedir.
Mediadan.
Jurnalistləri az qala hamı tənqid edir.
Peşəkarlığı şübhə doğuran həkim də, tədris etdiyi fənni sevməyən (sevdirməyən) müəllim də, yol hərəkəti qaydalarından bixəbər sürücü də, tutduğu kürsüyə uyğunluq əmsalının böyüklüyü ilə öyünmək imkanı olmayan məmur da… mediamızdan gileylənməyə hazırdır.
Təəccüblüdür, deyilmi?
Hərdən adama elə gəlir ki, mediadan başqa bütün başqa sahələr bahalı İsveçrə saatı kimi işləyir, geri qalan, ümidləri doğrultmayan elə bircə dördüncü hakimiyyətdir.
Niyə belədir?
Əlbəttə, başlıca səbəb auditoriya ilə bağlıdır. Daha doğrusu auditoriyanın genişliyi ilə. Televizora baxmayan və bunu ilk imkan düşən kimi bəyan edən adamlarımızın sayının həndəsi silsilə üzrə artmasına rəğmən, efirdə mütəmadi olaraq görünən insanlarımızı az qala hamı tanıyır. Və bu insanların hər hansı səhvi dərhal müzakirə obyektinə çevrilir. Tutaq ki, səhv edib xəstəsini öldürən həkimin yanlışlığı bu qədər müzakirə olunmur. Və yaxud dövlət bidcəsinə milyonlarla ziyan vura bilmiş hansısa məmurun (belələrinə hələ də rast gəlmək mümkündür) yaratdığı problemlər qalir bir tərəfdə, bir xeyli adam başlayır hansısa aparıcının hansısa qonağa verdiyi hansısa uğursuz sualı araşdırmağa.
Auditoriya məsələsi səbəblərdən biridir. Başqa, həmçinin ciddi sayılmalı səbəblər də var.
Fuad Babayev