
Yanvarın 20-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı qlobal maliyyə institutlarından biri olan Amerika Birləşmiş Ştatlarının “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon ilə görüşüb.
AZƏRTAC verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası Dövlət Neft Fondu və ölkəmizin digər qurumları ilə “J.P. Morgan” arasında mövcud əməkdaşlıq əlaqələrinin əhəmiyyətinə toxunaraq, bunun uzunmüddətli xarakter daşıdığını və qarşılıqlı etimada əsaslandığını vurğuladı.
Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini yüksək qiymətləndirən Ceymi Daymon ölkəmizdə sabit investisiya mühitinin olduğunu dedi. O, həmçinin Azərbaycanın ardıcıl maliyyə siyasəti həyata keçirdiyini qeyd etdi. Ceymi Daymon rəhbərlik etdiyi şirkətin Dövlət Neft Fondu ilə uzunmüddətli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, bu tərəfdaşlığın möhkəm institusional əsaslara söykəndiyini və onun daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirdi.
Görüşdə qlobal maliyyə bazarlarında mövcud vəziyyət, beynəlxalq investisiya mühiti və makroiqtisadi çağırışlar ətrafında fikir mübadiləsi aparıldı, qlobal iqtisadi proseslər fonunda institusional investorlar üçün formalaşan imkanlar və uzunmüddətli əməkdaşlıq perspektivləri müzakirə olundu.
Qeyd edək ki, idarə etdiyi aktivlərin həcmi 4 trilyon ABŞ dollarından çox olan “J.P. Morgan” şirkəti bankçılıq, investisiya və aktivlərin idarə olunması sahələrində fəaliyyət göstərir. Tarixi 200 ildən artıq dövrü əhatə edən şirkət hazırda dünyanın ən böyük və şaxələndirilmiş maliyyə institutları sırasında yer alır.
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











