BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi “Qaçqınlar üçün bir addım atın” qlobal kampaniyası çərçivəsində Qaçqın Qadın və Gənclər Mərkəzində Qaçqın Mədəniyyət Günləri təşkil edib. Sərgi formatında keçirilən tədbirdə əsas məqsəd əfqan, çeçen və digər icmalardan olan qaçqınların Azərbaycanın sosial, mədəni və iqtisadi həyatında iştirak edə biləcəyi ilə bağlı imkanların nümayiş etdirilməsidir.
Tədbirdə çıxış edən BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəsi Guido Ambroso və Qaçqın Qadın və Gənclər Mərkəzinin meneceri Afət Yunusova qaçqınların qayğıları barədə də danışdılar. Belə ki, hazırda Azərbaycanda yaşayan qaçqınların hüquqi vəziyyəti onların işə düzəlmələrinə problem yaradır. Onlarla əmək müqaviləsi bağlamaq istəmirlər, çünki, sahibkar xarici ölkə vətəndaşını işə götürdüyü üçün əlavə rüsum ödəməlidir. BMT Qaçqınlar üzrə ali Komissarlığı çox imkansız ailələrə sosial müavinət verir, lakin bu onların tələbatını tam şəkildə ödəmir.
BMT-nin Rezident Əlaqələndiricisi Gulam İshakzainin də iştirak etdiyi tədbirin sonunda qaçqın uşaqlar öz ölkələrinin nəğmələrini səsləndirdilər. Sərgi 13-14 iyun tarixlərində saat: 10:00-dan 13:00-dək keçiriləcək.