
Yaylaqdan gələn çiçək ətri, pətəklərin ətrafında fasiləsiz çalışan minlərlə arı və şanlardan süzülərək qızılı rəng alan bal…
İşğaldan azad edilmiş Ağdərə rayonunda arıçılar yay balının süzümünə başlayıblar. Uzun illər doğma yurd həsrəti ilə yaşayan sakinlər üçün bu, həm də qayıdışdan sonra qurulan yeni həyatın bəhrəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağın digər rayonlarında olduğu kimi, Ağdərədə də arıçılıq təsərrüfatlarında yay balının süzümü aparılır. Rayonun zəngin dağ florası, müxtəlif balverən bitkiləri və əlverişli iqlim şəraiti burada yüksək keyfiyyətli bal istehsalına imkan yaradır.
Kolatağ kəndində məskunlaşan arıçı Rəfayət Musayev də bu günlərdə təsərrüfatında bal süzümünə başlayıb. O, arıçılığın ailəsinin uzun illərdir davam etdirdiyi peşə olduğunu deyir.
“Biz ata-babadan arıçılıqla məşğuluq. 1992-ci ildə Ağdərə rayonundan köçkün düşənə qədər də arı saxlayırdıq. Köçkünlük illərində Ağcabədidə məskunlaşdıq və təsərrüfatımızı orada genişləndirdik. Şükür bu günə, yenidən Qarabağ torpağındayıq. İndi təsərrüfatımızı doğma Ağdərədə inkişaf etdiririk. Ağdərənin təbiəti, havası, suyu gözəldir, məhsulu da keyfiyyətlidir”, – deyə arıçı bildirir.
Hazırda Rəfayət Musayevin 300-ə yaxın arı ailəsi var. O, eyni zamanda, ana arı yetişdirilməsi ilə də məşğuldur. Arı ailələrinin bir hissəsi Kolatağ kəndindəki həyətyanı sahədə, digər hissəsi isə bol nektarlı bitkilərin olduğu Vəngli kəndi ərazisində saxlanılır.
Arıçının sözlərinə görə, bu mövsüm əldə olunan bal əsasən qaratikan, cökə, qanqal və digər dağ bitkilərinin çiçəklərindən toplanan nektardan əldə olunur.
“Buranın bitki örtüyü zəngindir. Məhsuldarlıq ötən illə müqayisədə bir qədər az olsa da, nəticə bizi qane edir”, – deyə o əlavə edir.
Bal süzümü prosesi isə ən məsuliyyətli mərhələlərdən biridir. Çərçivələr pətəklərdən çıxarılaraq bal süzən avadanlıqlara yerləşdirilir. Süzülən bal əvvəlcə iri çəlləklərdə saxlanılır, sonra isə satış üçün şüşə qablara doldurulur.
Beləliklə, Ağdərə dağlarında toplanan növbəti mövsüm balı artıq süfrələri bəzəyə bilər. Bu, həm Qarabağın zəngin təbiətinin, həm də doğma yurda qayıdan insanların zəhmətinin bəhrəsidir.
Müxbir – Tahir Ağaməmmədov
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











