16 aprel 2015-ci ildə görkəmli arxeoloq-tarixçi İlyas Babayevin (1935-2017) 80 yaşı münasibətilə yazılıb
İlyas Babayevin ugurlarıdır
İlyas Babayevin qazıntıları.
Uğur sərvətidir, uğur varıdır
İlyas Babayevin qazıntıları.
Allah Yer düzəldib, İlyas yer qazır,
Axıdıb çay kimi yerə tər, qazır…
Qoy qazsın, adını “bəxtəvər” yazır
İlyas Babayevin qazıntıları.
Canında şövq var ki, məharət vardır!…
Kaşanə çıxardır, qala çıxardır,
Torpağın bətnindən bala çıxardır
İlyas Babayevin qazıntıları.
Elə işləyir ki, külüng çat verir,
İlyas müəllimə hesabat verir…
Antik dövrlərdən məlumat verir
İlyas Babayevin qazıntıları.
Bel tapılmayanda dırnaqla qazır,
Biləklə sovurur, barmaqla qazır…
İlyasın adını tarixə yazır
İlyas Babayevin qazıntıları.
İrandan, Turandan gəlir sorağı,
Tez-tez qələm olur əsas yarağı…
Gözünün qarası, gözünün ağı –
İlyas Babayevin qazıntıları.
Daş-dürdanəsidir, kərpic – varıdır,
Tapdığı hər sümük – iftixarıdır…
Gələcək illərin kitablarıdır
İlyas Babayevin qazıntıları.
Onu səsləyən səs elmin səsidir,
Bəzən düşünürəm daha bəsidir,
Yox, cürət, cəsarət nümunəsidir
İlyas Babayevin qazıntıları.
Açır…Bir qəbirdən bir sırğa çıxır,
Açır…İkincidən qabırğa çıxır…
Ağrı-acısını içinə yığır
İlyas Babayevin qazıntıları.
Üstə həqiqət də, yalan da çıxır…
Bəzən qəbirlərdən ilan da çıxır…
Üzünə, gözünə heyrətlə baxır
İlyas Babayevin qazıntıları.
Kəllə söhbət edir, baş səsi gəlir…
Bir gözəl ağlayır, yaş səsi gəlir…
Ölü qulaq asır…sükutu dəlir
İlyas Babayevin qazıntıları.
Ehmal ilə didir yerin altını,
Ələk-fələk edir yerin altını,
Üstünə çevirir yerin altını
İlyas Babayevin qazıntıları.
Onu bu xeyirxah əməl ucaldır…
Özünə bünövrə, təməl ucaldır…
Ona Şahdağ boyda heykəl ucaldır
İlyas Babayevin qazıntıları.
Yeri lay-lay qazır, hey pay çıxarırr,
Qəti fərqi yoxdur, qış-yay çıxarır,
Torpağın altından saray çıxarır
İlyas Babayevin qazıntıları.
Yüzlərlə sərdabə, minlərlə qəbir…
Əliylə açılır neçə-neçə sirr…
Neçin gümüş vermir, qızıl gətirmir
İlyas Babayevin qazıntıları.
Ulu əcadadının dalınca gedir,
Canında qüvvəsi qalınca gedir,
Qədim kənd-şəhəri müəyyən edir
İlyas Babayevin qazıntıları.
Səhra Məcnunudur haçandan bəri,
Dolanır düzləri, gəzir çölləri…
Güzgütək əks edir ötən illəri
İlyas Babayevin qazıntıları.
Susun! Danışmayın, qəbir eşidir,
Hövsələ eşidir, səbir eşidir,
Qazıntı ardınca qazıntı gedir –
İlyas Babayevin qazıntıları.
Bu işi aparmaq kişi işidir!
Qulağım taqqıltı səsi eşidir,
Sükut! Səs salmayın! Qazıntı gedir –
İlyas Babayevin qazıntıları.