Jurnalistikanın dünənində də, bu günündə də informasiya birinci sırada durur. Lakin bununla belə dünən də, bu gün də “çılpaq” informasiya özünə həm də analitik yanaşma tərzi, xüsusi təhlil məqamı tələb edir. Uzun müddət analitik jurnalistika daha çox qəzetin monopoliyasında olmuşdur. Son illər televiziya auditoriyasının getdikcə böyüməsi və ağlasığmaz dərəcədə artması televiziya jurnalistikasında da analitik formatların və xüsusi analitik proqramların çoxalmasını şərtləndirmişdir. Digər tərəfdən də televiziyanın analitik proqramları auditoriyada baş verən hadisələri ardıcıl izləmək və bu hadisələrin mahiyyətini anlamaq kimi önəmli bir şans verir. Bu keyfiyyət teleauditoriyanın daha bir istiqamətdən böyüməsinə ayrıca şərait yaratmaqdadır. Dünya televiziya proqramlarının sabit yeri və bu yerin getdikcə artması xüsusi qeyd olunmaqdadır. Əlimizdə düyməsi olan NTV kanalının bir az əvvəlki “İtoqi” proqramını, RTR telekanalında öz populyarliğı ilə öyünə biləcək “Zerkalo”, ORT kanalının “Vremena” proqramlarını xatırlamaq kifayətdir.
Azərbaycan telekanalında da analitik informasiya proqramlarının sayı telekanalların sayına ekvivalentdir.Təsadüfi deyil ki, son vaxtlar bu proqramların auditoriyası, informasiyanı təhlildə təqdim etmə bacarığı, onların apareıcılarının analitik təfəkkürü və s. keyfiyytələri haqqında adi tamaşaçıdan tutmuş nəzəri fikri sahiblərinədək hər kəsin müzakirə obyektinə çevrilməkdədir. ”Lider” telekanalında efirə çıxan “168 saat” analitik-informasiya proqramının cəmi altı buraxılışdan sonra xüsusi nominasiyaya layiq görülməsi bu tipli proqramlara ictimai marağın xüsusi gücündən xəbər verir.
“Space” televiziyasını xeyli vaxtdan bəri efirə çıxardığı “Hər həftə” analitik-informasiya proqramının bu tipli formatlar içərisində öz yeri vardır. Onun analitik-informasiya proqramları sistemində öz yerini çoxdan müəyyənləşdirməsi bir neçə cəhətlə şərtlənir: əvvəla, “Hər həftə” proqramı həftənin mühüm prioritet hadisələrini seçməyi, tamaşaçı marağında olan informasiyanı tutmağı və bu informasiyanı təhlil etməyi bacarır. İkincisi, “Hər həftə” yeddi günün hadisələrini dünya və Azərbaycan kontekstində görməyi və məhz bu kontekstdən təhlil etməyi bacarır. Lakin bütün bunların və ümumiyyətlə, analitik teleproqramların uğurunu təmin edən bir faktdan çox ciddi önəm kəsb edir: analitik-informasiya proqramının müəllif-aparıcısı. “Space” televiziyasının “Hər həftə” analitik proqramının müəllif-aparıcısı. “Space” televiziyasının “Hər həftə“ analitik proqramı bu mənada Fuad Babayevin analitik təfəkkürünün məhsulu kimi qəbul oluna bilər.
Əlbəttə, analitik təhlil bacarığına malik reportyorların köməyi olmadan, yəqin ki, “Hər həftə” indiki reytinqini çətin qazana bilərdi. Amma proqramın ümumi tematikası, ahəngi, ictimai marağa yönəlmə və bu marağı hiss etmə keyfiyyətləri onu gerçəkləşdirməyə imkan yaradır. Babayevin “Hər həftə“- sində tamaşaçı həftəboyu izlədiyi “çılpaq” informasiyaların doğurduğu proqnoz və reaksiyaları, bu hadisələrin gətirib çıxardığı və çıxara biləcəyi nəticələri anlaya bilir.
Məsələn, deyək ki, Azərbaycanda iddia olunan siyasi məhbuslar və Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri ilə Azərbaycan prezidentinin görüşündən doğan nəticələr, əfv fərmanına çox inandırıcı müxbir inteqrasiyası, rəsmi dövlət məmuru ilə bu barədə araşdırma söhbəti, Lukoylun Bakı-Tbilisi-Ceyhan layihəsinə qoşulmasının səbəbləri və kökləri və s. problemlərin geniş təhlili tamaşaçını təkcə məlumatlandırmaq deyil, habelə maarifləndirmək missiyasını yerinə yetirir.
Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı tələbləri və bunlara “Hər həftə” aparıcısının qısa, lakin yığcam təhlili, habelə analitik reportajın, həm də sözün yaxşı anlamında xüsusi ironik-sarkastik reportajın müəllifi Eldəniz Elgünün interpretasiyası tamaşaçıda həmin aktual mövzu ətrafında çox aydın təsəvvür yarada bildi. Azərbaycana qarşı neçə ildən bəri işləyən “907-ci düzəliş”ə ABŞ rəsmilərinin yeni münasibəti barədə reportaj və studiya söhbəti də eyni effektə malik oldu.
Həm də maraqlı odur ki, “Hər həftə” davamlı hadisələri “xüsusi nəzarət”də saxlayır. Ötən ilin son buraxılışında güzəştlərin ləğvinin xüsusi təfsirini verən reportyor, 2002-ci ilk buraxılışında bu mövzuya yenidən qayıdır, ictimai rəyin və ayrı-ayrı respondentlərin fikirləri ilə bu barədə çox güclü obyektiv təhlil aparır.
Analitik teleproqram baş vermiş və informasiya proqramlarında getmiş hadisələrin daha dərindən təhlili ilə diqqəti cəlb edir. Kiçik bir misal: Azərbaycanda dini icmaların, dini cərəyanların bəzilərinin ölkə əhalisi arasında zərərli təbliğat və təşviqat fəaliyyəti ilə, xüsusilə vəhabilərin bu sahədə geniş əl-qol açması faktı ilə bağlı informasiya proqramında getmiş bir dəqiqə yarım reportaj “Hər həftə”də xüsusi analitik mövzuya çevrilir. “Space”in tamaşaçısı proqramın köməyi ilə bu məsələnin tarixinə ekskurs edir, ayrı-ayrı dini cərəyanların zərərli fəaliyyətindən xəbər tutur (deməli, buna qarşı hazır olur) və s.
F.Babayev belə ciddi əhəmiyyət kəsb edən aktual mövzularla bağlı studiyaya səlahiyyətli adamları, yaxud mövzuya bələd mütəxəssisləri dəvət edir və onlarla söhbətdə tamaşaçı çox şeydən xəbərdar olur. Aparıcı belə söhbətlərdə bir neçə cəhətdən bizi təmin edir: ilk növbədə F.Babayev hər kəslə son dərəcə qərəzsiz davranır. Ən çətin, ən kəskin mövzularda da, o, həmişə müsahibinə ancaq və ancaq məsələni çözülməsində marağı olan analitik söhbət müəllifi kimi yanaşır. Bu həmsöhbətin iqtidardan, yaxud müxalifətdən olmasından deyil, məsələyə aydınlıq gətirilməsi marağından çıxış edən F.Babayev məhz bu anlarında ən çox bəyənilən aparıcı təsiri bağışlayır.
F.Babayev öz proqramında dəqiqliyə və obyektivliyə xüsusi əhəmiyyət verir. Proqramın reportyorları bu cəhəti xüsusi nəzərə alırlar. Sevinc Vaqifqızının ilin ən obyektiv reportyoru nominasiyasını qazanması təkcə informasiya proqramının deyil, bütövlikdə “Spase”in xarakterini qiymətləndirməyə imkan verir.
“Hər həftə” informasiya analitik proqramı Azərbaycan tamaşaçısının özünə doğmalaşdırdığı ciddi televiziya produksiyası kimi getdikcə əhəmiyyətini artırmaqda, reytinqini yüksəltməkdədir. Bütün bunlara görə isə tamaşaçı onun aparıcısı Fuad Babayevi hər bazar günü xüsusi gözləyir və xüsusi minnətdarlıqla qarşılayır.
Cahangir Məmmədli
“Üç nöqtə”, №06, 23 yanvar 2002-ci il
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










