Tam aydın olmayan səbəblər üzündən, özü də daimi əsaslarla nyusmeyker rolunda çıxış etmək istəyən adamlar üçün yaratmaq elə də asan deyil. Xüsusilə, əgər bu adamlar nə şişə, nə də kababa açıq-aşkar sezilən ziyanı vurmadan nyusmeykerlik etmək istəyirlərsə…
Bilirəm, deyəcəksiniz ki, bu mumkün deyil. Nyusmeykersənsə zaman-zaman kimisə tənqid eləməlisən. Özü də bu elə tənqid olmalıdır ki, auditoriyanın ürəyindən tikan çıxarsın… Əsatiri xalanın xətrinin qalmamasını hədəfləyən tənqidlərsə heç zaman yüksək reytinqə malik olmayıb.
Nə etmək olar?
Doğrudan da kimi (nəyi?) tənqid hədəfinə tutmalısan ki, məqsədli şəkildə ağrıdılacaq başına dəsmal bağlamaq ehtiyacı ortaya çıxmasın?
İstəyirəm potensial tənqid obyektlərindən bəziləri barədə yığcam məlumat verim.
Bu sırada birinci yeri həyatda olmayan adamlara verməliyik. Uzun illər, bəzi hallarda isə əsrlər bundan qabaq dünyanı tərk etmiş adamları xüsusi problemlə üzləşmədən tənqid eləmək olar. Burada əsas məsələ obyektin düzgün seçilməsindədir. Tənqidin obyektivlik əmsalına fikir verməyə dəyməz. Əslində, bu yolu seçmiş nyusmeykerdən heç kim obyektivlik gözləmir. Əsas odur ki, şöhrət qazanmış sərkərdə, tanınmış mesenat, ya da heç olmasa görkəmli ədib haqqında rezonans doğura biləcək tənqidi fikir irəli sürəsən…
İkinci yerdə vaxtilə qılıncının qəbzəsi də kəsən, indisə çeşidli səbəblərdən soyuq silahını itirmiş və hələ də həyatda olan adamlar gəlir. Əlbəttə, bu adamların heç də hamısını tənqid eləmək olmaz. Düşünüb-daşınmaq, yüz ölçüb bir biçmək lazımdır. Yıxılana balta çalanların defisitindən xəbərsiz toplumun razılıqla qarşılayacağı fikri tapandan sonra yubanmağa dəyməz.
İcazənizlə, ehtiyatı əldən vermək istəməyən nyusmeykerlər üçün həmçinin maraqlı ola biləcək hədəflərin siyahısını yekunlaşdırmaq istəyirəm. Burada müxtəlif peşə sahiblərindən söhbət gedəcək. Doğrudan da, elə peşə sahibləri var ki, onları “kollektiv məsuliyyət”ə cəlb eləmək çox asan və təhlükəsizdir.
Məsələn, politoloqlarımızı götürək. Təcrübə göstərir ki, əslində hamıya bəlli olan səbəblərdən bəlli tərzdə danışan orta statistik politoloqu problemsiz tənqid eləmək olur. Bununla da nyusmeyker həm cəsarətli, həm də savadlı nyusmeyker olduğunu özü başda olmaqla hamıya sübut edə bilir.
Gəlin belələrinə əhəmiyyət verməyək, ruhdan düşsünlər…
Fuad Babayev