Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri fevralın 18-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən qonaqlar ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Qonaqlar, həmçinin Şəhidlər xiyabanında qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri və əklil qoyublar.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım jurnalistlərə müsahibəsində deyib ki,
qardaş ölkələrimizin siyasi, iqtisadi və digər sahələrdə güclü əməkdaşlığı mövcuddur. Türkiyə iqtisadiyyatında Azərbaycanın çox mühüm yeri var. Azərbaycan Türkiyəyə ən çox investisiya yatıran ölkələrdən biridir.
Dostluq qrupunun rəhbəri qeyd edib ki, Prezident İlham Əliyev Türkiyədə böyük nüfuza sahibdir. Dövlət başçısı ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə sadiq qalaraq Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi istiqamətində mühüm xidmətlər göstərib. Ölkələrimizin birgə həyata keçirdiyi TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər bu kimi önəmli layihələr böyük əhəmiyyət kəsb edir.
Parlamentlərarası dostluq qrupunun üzvü Yunus Kılıç bildirib ki, Türkiyə və Azərbaycan hər zaman bir-birinin yanındadır. Biz Dağlıq Qarabağ münaqişəsini öz problemimiz hesab edirik. Türkiyə dövləti bu münaqişə ilə bağlı həqiqətləri beynəlxalq tribunalardan dünya ictimaiyyətinə çatdırır. Qardaş ölkələrimiz arasında əlaqələr gündən-günə möhkəmlənir.