Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələ nəticəsində həlak olanların sayı 18 min 991 nəfərə, yaralananların sayı 75 min 523 nəfər çatıb.
AZƏRTAC xəbər verir ki, bu rəqəmləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə səfəri zamanı Adıyamanda açıqlayıb.
Zəlzələdən zərər çəkən vilayətlərdən 76 mindən çox insanın ölkənin digər bölgələrinə təxliyə olunduğunu bildirən Rəcəb Tayyib Ərdoğan bir il ərzində yeni binalar tikiləcəyini deyib. Onun sözlərinə görə, zəlzələdən zərər çəkənlərin bir illik kirayə haqqı dövlət tərəfindən ödəniləcək, başlıca məqsəd insanların həyatını qorumaqdır.
“Dost dar gündə tanınar”, – deyən Türkiyə Prezidenti dost ölkələrdən köməyə gələnlərə təşəkkür edib. Əmin olduğunu bildirib ki, Türkiyə bu çətin imtahandan da alnı açıq çıxacaq.
10:39
Bu gün Türkiyə vaxtilə saat 08:30-a olan məlumata görə, əsrin fəlakəti adlandırılan zəlzələ nəticəsində həlak olanların sayı 18 min 342 nəfərə çatıb, 74 min 242 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən verilib.
Zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatları 5-ci gündür ki, fasiləsiz davam edir. Zəlzələdən 100 saatdan çox vaxt keçməsinə baxmayaraq, dağıntılar altından hələ də sağ qalan insanlar çıxarılır. Məsələn, 101-ci saatda Diyarbakırda ana və oğlu, Hatayda 30 yaşındakı bir kişi xilas edilib.
01:52
Türkiyədə zəlzələdə ölənlərin sayı 17 min 674-ə çatıb. Dağıntılar altından isə indiyədək 72 min 879 nəfər sağ çıxarılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay mətbuata açıqlamasında bildirib.
00:24
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 17 min 406-ya, yaralananların sayı isə 71 min 866-ya çatıb.
AZƏRTAC xəbər verir ki, bu rəqəmləri Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlayıb.
“Axtarış-xilasetmə işləri davam etdikcə mənzərənin ağırlığı təəssüf ki, artır. Son vəziyyətə görə, Kahramanmaraşda 4 min 879 ölüm və 9 min 243 yaralı, Qaziantepdə 2 min 141 ölü, 11 min 563 yaralı var, Şanlıurfada 304 ölü, 4 min 663 yaralı, Diyarbəkirdə 212 ölü, 899 yaralı, Adanada 408 ölü, 7 min 450 yaralı, Adıyamanda 3 min 105 ölü, 11 min 778 yaralı, Malatyada 289 ölü, 7 min 300 yaralı, Osmaniyedə 878 ölü, 2 min 224 yaralı, Hatayda 5 min 111 ölü, 15 min 613 yaralı, Kilisdə 74 ölü, 754 yaralı var. İndiyədək 17 min 406 vətəndaşımız həyatını itirib, 71 min 866 vətəndaşımız isə yaralanıb”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, 17 min 929-u həkim, 111 min 486-sı tibb işçisi olmaqla, 143 min 829 nəfər zəlzələ bölgəsində 10 vilayətdəki səhiyyə müəssisələrində xidmət göstərir.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.