Türkiyədə Azərbaycan uşaq ədəbiyyatına dair kitab işıq üzü görüb.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, “Nokta Yayınevi”ndə çap olunan “Azərbaycan uşaq ədəbiyyatından seçmə əsərlər” adlı kitabda XX əsrin əvvəllərindən çağdaş dövrümüzədək yazıb-yaradan ədiblərin vətənə, bayrağa, istiqlala və azadlıq duyğularına həsr olunmuş məfkurə yönümlü şeir, hekayə və pyesləri yer alıb. Kitabdakı mətnlərin tərtibçisi və “Azərbaycan uşaq ədəbiyyatında məfkurə” adlı “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Elnarə Akimova, Türkiyə türkcəsinə uyğunlaşdıranı və redaktoru Yaşar Sözendir.
Kitab “Şuşa İli” çərçivəsində şəhərin 270 illiyinə həsr olunub. Əsas məram Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinə töhfə vermək, eyni zamanda, sağlam ruha, milli şüur və mənəviyyata, mənəvi-əxlaqi dəyərlərə sahib olan gələcək nəslin yetişməsində müəyyən missiya daşıyıcısı olmaqdır.