Azərbaycana səfərə gəlmiş Ukraynanın İrpen şəhərindəki akademik Zərifə Əliyeva adına liseyin rəhbər və şagirdləri iyunun 13-də Bakıda akademik Zərifə Əliyeva adına liseydə olublar. Liseyin kollektivi qonaqları böyük coşqu ilə qarşılayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Ukraynanın Dövlət himnləri səsləndirilib.
Liseylə tanış olan qonaqlara bu təhsil ocağının şəhid məzunu Namiq Quliyev haqqında məlumat verilib. Qonaqlar, həmçinin liseyin robototexnika otağı, informasiya resurs mərkəzi – kitabxana, idman zalı ilə tanış olublar.
Ukraynalı qonaqlarla keçirilən görüşdə akademik Zərifə Əliyeva adına liseyin direktoru Fərqanə İsayeva onların Azərbaycana səfərini iki təhsil ocağı arasında əməkdaşlıq istiqamətində atılan addım kimi yüksək dəyərləndirib.
İrpen şəhərindəki akademik Zərifə Əliyeva adına liseyin direktoru Valentina Antonenko Azərbaycana gəlməkdən məmnunluğunu bildirib, iki təhsil müəssisəsi arasında əməkdaşlığın vacibliyini qeyd edib. Rəhbəri olduğu məktəbə müharibə zamanı ciddi ziyan dəydiyini deyən Valentina Antonenko Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə SOCAR-ın Ukraynadakı nümayəndəliyinin bu məktəbi tez bir zamanda əsaslı təmir etdirdiyi xatırladıb və buna görə minnətdarlığını bildirib.
Tədbirdə hər iki təhsil ocağı haqqında videoçarxlar nümayiş edilib.
Qonaqlardan Nurlana Mahmudovanın “Azərbaycan” şeirini, Emil Zeynalovun “Sarı gəlin” mahnısını ifa etməsi, eləcə də Bakıdakı liseyin şagirdlərinin təqdim etdikləri rəqs nömrəsi tədbir iştirakçılarına xoş anlar yaşadıb.