Argentinadan söhbət düşərkən ilk növbədə futbol yada düşür. Şühəsiz ki, hal-hazırda Azərbaycanı, futbol sahəsində dünyaya Maradona və Messi kimi ulduzlar bəxş edən bu uzaq Amerika dövləti ilə müqayisə etmək düzgün olmazdı, lakin hər iki ölkənin həyatında oxşar və müqayisə oluna biləcək məqamlar da mövcuddur. Bu sırada, hər şeydən əvvəl suverenlik və ərazi bütövlüyü məsələlərini qeyd etmək olar. Məlum faktdır ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycanın suverenliyi və ərazi bütövlüyü süni surətdə yaradılmış Dağlıq Qarabağ problemi, Ermənistanın təcavüzü nəticəsində pozulmuşdur. Xarici havadarların yardımından geniş istifadə edən Ermənistan tarixi Azərbaycan torpaqları olan Dağlıq Qarabağı və onun ətrafındakı yeddi rayonu işğal etmiş və bu ərazilərdə etnik təmizləmə prosesi həyata keçirmişdir.
Argentinaya gəldikdə isə, bu ölkə də ərazi problemi ilə üzləşmişdir. Başqa sözlə, Atlantik okeanının cənub qərbində yerləşən, ümumilikdə 776 adadan ibarət olan Folklend Malvin arxipelaqını öz ərazisi hesab edən Argentina, bu arxipelaqın Böyük Britaniyanın nəzarəti altında olmasını öz suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirir.
Çoxsaylı tarixi faktlar, mədəniyyət abidələri, həmçinin regiona aid toponimlər, oronimlər, hidronimlər və s. Dağlıq Qarabağın qədim Azərbaycan torpağı olmasına, XIX əsr – XX əsrin əvvəllərində Rusiya imperiyasının həyata keçirdiyi köçürmə siyasəti nəticəsində ermənilərin regionda demoqrafik üstünlük əldə etmələrinə, Ermənistanın bu ərazilərə olan iddialarının uydurma faktlara əsaslandığına şübhə yeri qoymur.
1591-ci ildə ingilis dənizçisi Con Deyvis tərəfindən kəşf edilən Malvin adaları, 1763-1765-ci illərdə fransız dənizçisi Lui Antuan de Bugenvil tərəfindən geniş tədqiq olunmuş, sonrakı illərdə İngiltərə və İspaniya arasında mübarizə obyektinə çevrilmişdi. İspan ağalığından azad olan Argentina 1816-cı ildə öz müstəqilliyini elan etmiş və bu zaman Malvin adaları yeni yaranan dövlətin nəzarətində olmuşdur, lakin 1833-cü ildə arxipelaqa hərbi qüvvə çıxaran Böyük Britaniya burada öz nəzarətini yaratmışdı və bu vəziyyət bu günə qədər davam edir.
Hadisələrin inkişafı göstərir ki, Azərbaycan Dağlıq Qarabağdan, Argentina isə Malvin adalarından heç bir şərt daxilində imtina etmək fikrində deyillər, ərazi güzəştləri haqqında istənilən təklif həm Buenos-Ayres, həm də Bakı tərəfindən rədd edilir.
İstər Dağlıq Qarabağ, istərsə də Malvin adaları məsələsi beynəlxalq birliyin diqqəti mərkəzindədir və bu məsələləri sülh yolu, danışıqlar yolu ilə həll etmək məsləhət görülür.
Bakı və Buenos-Ayresin oxşar cəhtlərindən biri ondan ibarətdir ki, işğal olunmalarına baxmayaraq, dünya Dağlıq Qarabağı Ermənistanın, Malvin adalarını Böyük Britaniyanın üzvi tərkib hissəsi hesab etmir.
Müxtəlif vaxtlarda BMT çərçivəsində bu məsələlər müzakirə olunmuş, qətnamələr qəbul edilmişdir. Xatırlamaq kifayətdir ki, BMT Təhlükəsizlik Şurası Azərbaycan və Ermənistana, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnamə qəbul etmişdir. Malvin adaları ilə bağlı qəbul edilmiş BMT qətnamələrinin sayı isə bundan on dəfə çoxdur və qırxa çatır. Qeyd olunan qətnamələrin heç biri bu günə qədər həyata keçirilməmişdir, bu da həm Argentinaya, həm də Azərbaycana münasibətdə ikili standartların tətbiq olunduğunun göstəricisidir. Buna baxmayaraq, hər iki ölkə öz ərazi bütövlüyünü əsasən dinc vasitələrlə təmin etməyə üstünlük verirlər.
Son illərdə, Argentinadakı erməni icmasının etirazına və pozuculuq fəaliyyətinə baxmayaraq, Azərbaycan və Argentina arasındakı münasibətlərdə hiss olunan canlanma baş verir. Müəyyən məsələlərə münasibətdə mövqe yaxınlığı bu münasibətlərin inkişafı üçün əlavə imkanlar yaradır.